14 Noyabr 12:30
118

Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist və pedaqoq, professor Altay Zahidovun dünyasını dəyişməsi ilə bağlı nekroloq yayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri bu acı xəbərdən təəssüfləndiklərini bildirib, mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veriblər.

Qeyd olunub ki, Altay Qulam oğlu Zahidov Azərbaycan jurnalistikasının inkişafına layiqli töhfələr verib, sözün əsl mənasında peşəsinin təəssübünü çəkən dəyərli həmkarlarımızdan olub:

“1933-cü ildə Bakıda anadan olan Altay Zahidov uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (o zamankı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində) müxbir və şərhçi kimi fəaliyyət göstərib.

Özünəməxsus yaradıcılıq dəst-xəttinə malik A.Zahidovun jurnalistika sahəsindəki pedaqoji fəaliyyəti də diqqət çəkib. O, Qərb Universitetinin jurnalistika fakultəsində özünün bilik və bacarığını gənc nəslə çatdırıb.

Mərhum jurnalist media cameəsində baş verən proseslərdə aktiv iştirakı, müxtəlif məsələlərlə bağlı qətiyyətli və prinsipial mövqeyi ilə həmkarlarının rəğbətini qazanmağı bacarıb. Bu cəhət onu cəmiyyətə bütöv şəxsiyyət, dəyərli ziyalı kimi tanıtdırıb.

Peşəkarlığı ilə yanaşı, səmimiliyi, qayğıkeşliyi ilə qəlblərdə özünə əbədi yer tapmış Altay Zahidovun yoxluğu ümumilikdə jurnalistikamız üçün ağır itkidir.

Azərbaycan Mətbuat Şurası bir daha mərhumun ailə üzvlərinə, doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara Uca Tanrıdan səbr diləyir.

Allah rəhmət eləsin!”


Müəllif: Səxavət