15 Noyabr 2017 08:28
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media, istər televiziya, istər digər KİV-lər hamısı topluma müəyyən bir davranış modeli aşılayırlar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında psixologiya elmləri namizədi Rövşən Cavadov bildirib.
Onun sözlərinə görə, həmin davranış modeli milli adət-ənənəyə uyğun olmalıdır:

“Televiziya verilişləri hazırlanarkən dəyərlər nəzərə alınmır. Əksinə, bəzən dəyərlərin aşağılandığını müşahidə edirik. Millət kimi insanın da etnik xüsusiyyətləri olur. Həmin dəyər və xüsusiyyətlər bizim davranışımızı idarə edir və ona uyğunlaşır. Davranış dəyərlərə uyğunlaşmayanda eybəcər bir davranış forması alınır. Bu da bütövlükdə etnosa bir zərbədir.

Elə ailə məsələləri var ki, onları mediada müzakirəyə çıxarırlar. Bu, düzgün deyil. Ailə o zaman ailə olur ki, o öz sirlərini qoruyub saxlayır. O sirləri mətbuatda faş eləyib, ictimaiyyətə açıqlamaq ailənin daşımalı olduğu məna yükünü sıradan çıxarır. Ailəni və onun problemlərini mediaya çıxartmaq olar, amma elə sirlər və mətləblər var ki, onları heç vaxt başqalarıyla müzakirə eləmək, diskussiya mövzusuna çevirmək olmaz. Belə hallar nəinki ailənin bütövlüyünü qoruyar, əksinə onu dağıda bilər. Belə-belə zəncirvari hamıya təsir göstərir”.

Rövşən Cavadov əlavə edib ki, bəzən problemin həllini problem olan yerdə axtarmaq gərək deyil:

“Psixoloqların bəziləri çıxıb efirdə deyirlər ki, münaqişə var və başlayırlar savadsız məsləhətlər verməyə ki, “qız belədi, ya oğlan elədi”. Bu cür fikirləri səsləndirmək qətiyyən olmaz. Ola bilər ki, problem heç də şəxslərdən qaynaqlanmır. Bilməyə-bilməyə insanlara məsləhət veririlər”.

Media eksperti Aynur Kərimova isə bildirib ki, problem bizim jurnalistlər və bütövlükdə jurnalistikamızın ictimai ilə şəxsi məsələlər arasında olan o nazik, vacib, keçilməz sərhədi özü üçün müəyyən edə bilməməsindədir:

“Bu, illərdir ki, belədir. Peşə etikasında aydın və səlis izah olunur: özəl həyat toxunulmazdır, özəl həyata kobud müdaxilə o deməkdir ki, siz pis jurnalistsiniz, hətta bundan daha kəskin deyərdim, pis adamsınız. Siz o kiçik kəndi təsəvvürünüzə gətirin, o situasiyanı təsəvvürünüzə gətirin və bir anlıq - diqqət burada artıq mən sizə doğru indikatoru göstərirəm- özünüzü və öz ailənizi o insanların yerində görün. Təsəvvür etdinizmi, etdinizsə qərar qəbul edin, bu materialı efirə verərsiniz, ya yox?
Məsələnin ikinci tərəfi - bütünlükdə qarşılıqlı kommunikasiya vərdişlərinin, ünsiyyətin bərbad olmasıdır. Bu iki ailə sadəcə biri-birilərini anlamırlar, hərəsi öz dilində danışır, bunun günahkarı isə media deyil, əfsus ki. Bu anlaşma mədəniyyətinin olmaması çox vaxt ona gətirib çıxarır ki, insanlar TV şousunu intim məsələlərə dəvət etmək kimi əcaib və ağlasığmaz həll üsulu tapırlar”.

Media eksperti əlavə edib ki, reytinqi insanların çətinlikləri, ağır emosiyaları hesabına yox, dəyərli, normal, zəhmət sərf olunmuş kontent hesabına qazanmaq lazımdır:

“Normal, professional jurnalistlər bəzən 50 saniyəlik süjetə ömrünün iki gününü həsr edir, fərqi hiss edirsiniz də”.

Qeyd edək ki, bir müddət əvvəl “Xəzər TV”-də yayımlanan “5-də 5” verilişinin aparıcısı Zaur Kamal və Aşıq Telli Borçalı kürdəmirli oğlan üçün sevdiyi qıza elçi gedib. Lakin oğlan evində münaqişə başlayıb və elçi getdikləri evdən qovulublar. Ailənin etirazına baxmayaraq, çəkilişi davam etdirərək gərginlik yaradıblar.


Müəllif: Şəfiqə Nazimqızı