17 Noyabr 2017 13:35
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reklam haqqında qanuna dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Qanunun 26.2-2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün reklam yayıcısı reklam yerləşdiriləcək reklam daşıyıcısının sahibi və ya reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq məbləği həmin quruma ödəməlidir.

Bundan başqa, qanuna aşağıdakı məzmunda 26.2-3-cü bəndi əlavə edilir:

"Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir".

Həmçinin, 26.8-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi çəkisi 2 kvadrat metrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və reklam hesab edilmir.

Qanuna aşağıdakı məzmunda 35.3-cü bənd də əlavə olunur:

"Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı, həmin məbləğin müəyyən edilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir".

Daha sonra qanun layihəsinə edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Millət vəkili Elmira Süleymanova, Zahid Oruc və Fuad Muradov ölkədə vətənpərvərliklə bağlı sosial reklamlara marağın artırılmasının vacibliyindən danışıblar. Millət vəkilləri dövlət qurumları tərəfindən sosial çarxların yayımının əhəmiyyətli olduğunu vurğulayıblar. Müvafiq qurumlar qarşısında sosial çarxların hazırlanması ilə bağlı tələbin qoyulması məsələsinin vacibliyinə toxunulub. Spiker Oqtay Əsədov isə bu məqamların Reklam haqqında qanunda geniş şəkildə əks olunduğunu deyib.

Millət vəkili Azay Quliyev isə bəzən QHT-lər tərəfindən hazırlanan sosial çarxların əsasən keyfiyyətsiz olduğunu və telekanalların ona görə yayımdan imtina etdiyini deyib. Millət vəkili sosial çarxların telekanallarda yayımı üçün QHT-lərlə televiziyalar arasında əvvəlcədən razılıq əldə edilməsinin çıxış yolu olduğunu deyib.
Spiker Oqtay Əsədov isə millət vəkilinə cavabında onun bu məsələyə nəzarət edən tərəf olduğunu deyib: “Bu sosial çarxları siz dəyərləndirirsiniz, pulu da siz verirsiniz. Nəzarət edə bilərsiniz”.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad