17 Noyabr 2017 14:45
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzakirə etdiyimiz qanun layihəsinə səs verəcəm. Hesab edirəm ki, dəyişiklik “İstintaq sirləri istisna olmaqla məlumatlandırılır” konteksində verilməlidir. Biz isə dəyişiklikdə yazmışıq ki, “İstintaqı gedən işlər istisna olmaqla məlumat verilməlidir”. Onda belə çıxır ki, mühüm bir hadisə baş verir və biz gözləyirik ki, bu işin araşdırılması başa çatsın və bundan sonra məlumat ala bilək. Bu səbəbdən də təklif edirəm ki, “İstintaq sirləri istisna olmaqla Prezident və parlament məlumatlandırılmalıdır” şəklində dəyişikliklər edilsin.

Teleqraf.com xəbər verir ki, bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Prokurorluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Q.Həsənquliyev qeyd edib ki, Baş Prokurorun özü və ya müavini parlamentə istintaq olunan cinayət işi və istintaqı başa çatan cinayət işləri haqqında məlumat verməlidir: “Qeyd edim ki, hər il Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov parlamentə gələrək hesabat verir, deputatların suallarını cavablandırır. Baş prokuror və ya müavininin də ildə bir dəfə parlamentdə hesabat verməsi yaxşı olardı. Əlbəttə, ola bilsin, Baş Prokurorluqdan spikerə məktub göndərilir və ya məlumat verilir. Amma burada 125 deputatıq. Odur ki, qanunun 43 və 44-cü maddələrinə “İstintaq sirləri təşkil edən maddələr istisna olmaqla” sözlərini və “Baş Prokurorun ildə 1 dəfən az olmayaraq parlamentə məlumat verməsi” sözlərinin artırılmasını təklif edirəm”.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanunun43-cü maddəsində “Parlamentin nəzarəti” sözü “Azərbaycan Respublikası Milli Məclisinin məlumatlandırılması” ifadəsi ilə əvəz edilir.

Eyni zamanda qanunun 44-cü maddəsinə “Azərbaycan dövlət başçısının nəzarəti” ifadəsi “Azərbaycan dövlət başçısının məlumatlandırılması” sözü ilə əvəz olunur.

Qanun layihəsi qəbul olunub.


Müəllif: Cavad