17 Noyabr 2017 17:34
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Milli Məclisin Səhiyyə Komitəsinin sədri, ATU-nun Onkoloji Klinikasının direktoru, onkologiya kafedrasının müdiri, əməkdar elm xadimi, akademik Əhliman Əmiraslanovu 70 illik yubileyi münasibətilə təbrik edib.

ATU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, G.Gəraybəyli akademik Ə.Əmiraslanovu 70 illik yubileyi münasibətilə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri adından təbrik edib:

“Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq. 25 ilə yaxın bir müddətdə Azərbaycan Tibb Universitetinə böyük uğurla rəhbərlik etməyiniz, ölkəmizin bu ali tibb təhsili ocağının maddi-texniki bazasının dünya standartları səviyyəsinə çatdırılmasında, tibb təhsili və tibb elmi sahələrinin, müalicə-profilaktika sahəsində müstəsna xidmətləriniz hər an göz önündədir. Kollektivimiz üçün daim doğma insan kimi nail olduğunuz hər bir müvəffəqiyyətə ürəkdən sevinir, şad oluruq”.

Akademik Ə.Əmiraslanova gül dəstəsi və xatirə plaketi də təqdim olunub.

Qeyd edək ki, bu gün Ə.Əmiraslanovun 70 yaşı tamam olur. Akademik Ə.Əmiraslanov Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.


Müəllif: Səxavət