20 Noyabr 2017 14:12
2 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus “Mi-8” helikopterinin ermənilər tərəfindən vurulmasından 26 il ötür. Həmin gün Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistləri həlak oldular. Həlak olanlar arasında Azərbaycanın baş prokuroru İsmət Qayıbov da vardı.

Yenicag.az o böyük insanın, ürəyi vətən eşqi ilə döyünən Baş prokurorun oğlu İsmayıl Qayıbovla müsahibəni təqdim edir:

– İsmət Qayıbov kimi atanın oğlu olmaq böyük məsuliyyətdir.

– O, elə bir ad qoyub ki, onu ləkələmək günahdır. Atam mənə atasının, bacıma isə anasının adını qoymuşdu. Hələ uşaq yaşlarından bizimlə çox mehriban və səmimi davranardı. Bir az böyüyən kimi atamla dostlaşdıq. Hərdən elə olurdu ki, mənimlə dərdləşir, məsləhətləşirdi. Bizim evdə heç vaxt anlaşılmazlıq olmazdı. Çünki hamı bir-birinin sözünə qulaq asar, yekdil qərara gələrdik. O, heç vaxt məni danlamayıb. Cəmi bircə dəfə üstümə qışqırıb. Onda da əlimi “razetkaya” vurmuşdum ona görə…

– Yəni atanızla aranızda heç inciklik olmadı?

– (fikirləşir) Bir dəfə oldu… Artıq evlənmişdim, qızım doğulmuşdu. Atam istəyirdi ki, mən qızıma anamın adını qoyum: Leyla. Bu da ürəyimə pis gəldi, qızımın adını Şəbnur qoydum. Atam onda məndən incidi. İllər sonra ikinci qızım doğulanda mən atamın arzusunu reallaşdırdım. Amma heyf ki, atam o günü görmədi.

– Adətən, atalar qızlarını daha çox sevir.

– Əsla. Atam mənimlə bacım Füruzə arasında heç fərq qoymazdı. Onun üçün övladın fərqi yox idi.

– İsmət müəllimin evdə ən çox xoşuna gələn məşğuliyyət nə idi?

– Atam gülləri sevərdi. Evə gələn güllərin zoğlarını kəsər, tez-tez suyunu dəyişərdi. Atam zərif, nəcib insan idi. Kobudluğu, xüsusən də kobud qadınları görməyə gözü yox idi. Hətta televizorda qışqıra-qışqıra danışan qadın görən kimi tez kanalı çevirərdi.

Ürəyində qalan arzu

– Bacım Füruzənin toyundan sonra atam anama deyib ki, balalarımı yerbəyer elədim, nəvəmi də gördüm. İndi əsas işim Qarabağ problemi ilə məşğul olmaqdır.

– İsmət Qayıbovun Leyla xanıma olan sevgisi barədə eşitmişəm.

– O bir başqa məhəbbət idi. Hara gedirdi, zəng edib anama yerini deyirdi. İstəmirdi ki, o, nigaran qalsın. Bəzən günlərlə evdə olmurdu. Amma anam həmişə bilirdi ki, o hardadır, nə iş görür. Axırıncı dəfə də zəng vuranda dedi ki, Ağdamdayam, nigaran qalmayın. Deyib ki, Ağdamdam əvvəl Xankəndində idik. Deyirdi, ermənilər bizi mühasirəyə aldıqlarından neçə gündür ki, “OBKOM”- da stolun üstündə yatıram. Həmin günlər hər iki tərəf arasında çox ağır danışıqlar gedirmiş. Təsəvvür edin ki, onun bir dəqiqə vaxtı yox idi. Həmin ərəfədə atamın dəvəti ilə Bakıya İran İslam Respublikasının baş prokuroru gəlmişdi. Atamın vaxtı olmadığından o cür mötəbər qonağı müavinləri qarşılamışdı.

Adətən, biz əlamətlərə inanmırıq. Amma onun stolun üstündə yatdığını eşidəndə nədənsə, bizə birtəhər gəldi. Düz iki gün sonra isə məlum vertolyot qəzası baş verdi.

Onu da deyim ki, atamın narahatçılığı həmin qəzadan hələ bir-iki ay əvvəldən başlamışdı. Eşitmişdi ki, ermənilər onun başına qiymət qoyublar. Amma onda da özü üçün deyil, bizə görə narahat oldu. Anam deyir ki, həmin günlərdə mən evə gec gələn kimi atam otaqda o baş-bu başa vurnuxurmuş. O, çox qorxurdu ki, ona görə bizə nəsə edərlər. Atam olduqca qayğıkeş, qohumcanlı idi. Ələlxüsus da qaynanası ilə canbir qəlbdə idilər. Elə nənəmlə eyni ildə “getdilər”: nənəm 1991-ci ilin yanvarında, atamsa noyabrda…

– Atanızın yolunu davam etdirirsiz: prokurorsuz. Əldə etdiyiniz uğurlarda atanızın adı rol oynayıb, yoxsa öz əməyiniz?

– Bunlar bir-birindən ayrılmaz şeylərdir. Çox vaxt mənim adım heç nə demədiyi halda atamın adını eşidənlər ayağa qalxıblar. Mənsə heç vaxt onun adından sui-istifadə etməmişəm. Həmişə çalışmışam ki, ona layiq oğul olum.

– Atanızdan sonra onun dostlarının vəfası da sınanar yəqin …

– Deyim ki, atamın dostları çox etibarlı çıxdılar. Onun yalan olmasın, Azərbaycanın hər yerində tanışı vardı. Amma əsl dostları çox az idi. O adamlar indi də bizə gəlib-gedir, əlaqəni kəsmirlər.

Atam çox məsuliyyətli adam idi. İşini sevirdi. Vətənpərvər idi. Məlum hadisələr başlayandan günlərlə, həftələrlə Qarabağda olurdu. Bütün işlərə özü nəzarət edirdi, elə bil heç kimə güvənmirdi. Hərdən düşünürəm ki, o, bütün bunlara necə vaxt tapırdı?

Atam dünyasını dəyişəndə mənim 22 yaşım vardı. O dəhşətli hadisəni hamı kimi biz də televizordan eşitdik. Elə bil həmin an zaman dayandı. Atamdan sonra həyatımızın dadı da getdi. Hərdən istəyirəm ki, hansısa bir hərəkətimlə, ya da zarafatımla atamı özümdə xatırladım. Amma görürəm ki, bu, mümkün deyil. Mən heç vaxt atam kimi ola bilmərəm. Onun gedişi ilə evimizin şadlığı, ürəyimizin sevinci azaldı. Heç nə əvvəlki kimi olmadı, heç nə…


Müəllif: Teleqraf.com