21 Noyabr 2017 17:54
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsilini yarımçıq qoyub.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Milli Məclisdə büdcə müzakirələri zamanı bildirib.

Millət vəkili bildirib ki, ölkədə tələbələrə təhsil kreditlərinin ayrılması barədə dəfələrlə məsələ qaldırılsa da, tam həllini tapmayıb:

“Düzdür, Tələbə kredit fondu fəaliyyət göstərir. Lakin ölkədə 162 min tələbə var, ötən il onlardan yalnız 200-ü kreditlə təmin edilib. Bu, əlbəttə, yetərli deyil. Bu yaxınlıarda aldığım məlumata görə, 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsildən imtina edib. Bunun nə demək olduğunu təxmin etmək çətin deyil. Ona görə də tələbələrə kreditlər ayrılması üçün təhsilə yardım fondunun yaradılmasını təklif edirəm. Həmçinin valideynlərdən biri yoxdursa, uşaqlardan biri əlildirsə, ali təhsil alan digər uşağın təhsil haqqından azad edilməsinə baxılması barədə maliyyə nazirinə müraciət etmək istəyirəm”.

Millət vəkili Bakıda sıxlığı azaltmaq üçün həyata keçirilən işlərdən danışıb və bunun kifayət etmədiyini deyib: “Bunun səbəbi küçələrin kənarında iki-üç zolağın avtomobil dayanacağı kimi istifadə edilməsidir. Bu problemi həll etmək lazımdır. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti bu istiqamətdə işlər görür. Lakin dayanacaqların sayını artırmağa ehtiyac var. Hazırkı durumda isə bu dayanacaqlar əlverişli hesab edilmir, çünki çəkilən xərci çıxara bilmirlər. Buna görə də bu cür dayanacaqları tikən sahibkarların vergidən müəyyən qədər azad edilməsini təklif edirəm”.


Müəllif: Cavad