22 Noyabr 2017 13:59
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib.

İdarədən Teleqraf.com-a verilən məlumata görə, mentor xidmətinin təşkilində əsas məqsəd məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə metodiki dəstək göstərməkdir.

İlk dəfə paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün təşkil olunan mentor xidməti “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Xüsusi hazırlıq keçmiş mentorlar müəllimləri qrup məşğələlərində fərdi şəkildə dinləyir, onlara elmi-metodiki, təcrübi dəstək göstərir, həmçinin müzakirə və seminarlar təşkil edirlər.

Eləcə də, mentorların iştirakı ilə məktəbəhazırlıq qruplarındakı uşaqlar məntiqi və riyazi təfəkkürün daha yüksək səviyyədə formalaşmasına dair tapşırıqlar yerinə yetirir, fiziki cəhətdən inkişafa xidmət edən oyunlar həyata keçirirlər.

Bu ilin oktyabrından start verilən prosesin dekabrda yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri ixtisasartırma təlimlərinə də qatılıblar. Təlimin sonunda imtahandan uğurlu nəticə əldə etmiş müəllimlərə ixtisasartırma təhsili haqqında sertifikat verilib.


Müəllif: Teleqraf.com