22 Noyabr 2017 17:33
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Astara dəmir yolunun Lənkəran-Astara xəttinin dəniz kənarından keçən hissəsi köçürülməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Z.Əsgərov bildirib ki, sözügedən dəmiryolu dəniz sahilindən keçdiyindən Lənkəran və Astaranın birbaşa dənizə çıxışını əngəlləyir:

“Bu, təkcə birbaşa çıxışı əngəlləmir, eyni zamanda turizmin inkişafına və digər infrastrukturun yaradılmasına maneçilik yaradır. Dənizin qabarma və çəkilmə dövrləri olur. Qabarma vaxtı dəniz suyu dəmir yolunun özülünü yuyur. Düzdür, bu özül yuyulduqdan sonra yenidən təmir edilir. Amma bu, vəziyyətdən çıxış yolu deyil. Dəmir yolunun Lənkəran şəhərinin yuxarı hissəsinə köçürülməsi ilk növbədə dəmiryolu infrastrukturuna çox böyük töhfə olar və turizmin inkişafına, dənizin sahilinə yaxın ərazilərdə yaşayan insanların infrastrukturu genişləndirməsinə kömək edərdi. İkincisi, köçürülmə dəmir yolunun səmərəli işləməsinə şərait yaradacaq. Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar. Bilirsiniz ki, Şimal-Cənub dəhlizi bir ilə istifadəyə veriləcək. Bu dəhliz istifadəyə veriləndən sonra köçürülmə çətin olacaq. Çünki bu halda yükdaşımalar intensivləşəcək və artacaq. Buna görə hökümətdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Bu sahəyə rəhbərlik edən həmkarımız Cavid Qurbanovdan da bu məsələni diqqətdə saxlamağı xahiş edirəm. Bu iş nə qədər tez olsa, bir o qədər yaxşı olar. Bu, dəmir yolunun, eləcə də Lənkəran və Astara şəhərlərinin inkişaf etdirilməsi baxımdan çox böyük addım olar”.


Müəllif: Cavad