23 Noyabr 2017 10:06
10 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tarixçi Kamran Əsədovla müsahibəni təqdim edir.

– Kamran bəy, siz AMEA-da işləyirsiniz?

– Bəli... Rəsmi olaraq dövlət büdcəsindən yeganə maaşım AMEA-nın Tarix institutundan gəlir. O da ki, 132 manatdır. Şükür, az deyil...

– Tarix İnstitunda işiniz nədir?

– AMEA-nın Tarix İnstitutunun Qafqaz şöbəsinin tarix üzrə fəlsəfə doktorantıyam.

– Hansı mövzuda müdafiə etmisiniz?

– 1918-1929-cu illərdə Azərbaycan Ermənistan münasibətlərində Zəngəzur məsələsi. Bununla bağlı Avropa ölkələrinin indeksli elmi jurnallarında məqalələrim çıxıb. Ermənilərin tarixi Azərbaycan torpağı olan Zəngəzurda törətdiyi qırğınlar və faciələr, eyni zamanda Zəngəzurun tarixi ilə bağlıdır.

– Maraqlıdır, adamların etnik mənsubiyyətcə türk olub-olmadığı necə müəyyən olunur? Yalnız antropoloji xüsusiyyətlərinə görəmi?

– Bəli, bunu ilkin olaraq insanların antropoloji quruluşuna görə müəyyən edirlər. Yəni türk, qafqazlı bu görünüşə, bu kəllə sümüyünə, bu burun, saç quruluşuna, bu rəngə aid olmalıdır. Təəssüf ki, XIX, XX əsrin köhnəlmiş bu nəzəriyyəsi indi də qalıb. Ümumiyyətlə isə etnik mənsubiyyət Qafqaz regionu üçün mübahisəli məsələdir.

– Nə üçün?

– Azərbaycan, konkret olaraq Cənubi Qafqazda vahid etnik mənsubiyyət ola bilməz. Çünki bura e.ə VII əsrdən XX əsrə qədər daima yürüşlər, köçürülmələr məskəni olub. Bura türk də köçüb, tat da, ərəb də, ermənilər köçürülüb, ruslar da. Makedoniyalı İsgəndər, romalılar, monqolar və başqaları yürüş ediblər. Buna görə də vahid etnik mənsubiyyət ola bilməz. Ancaq türk tayfaları Cənubi Qafqazda hər zaman üstünlük təşkil ediblər və köçən, köçürülənlər etnik baxımdan assimilyasiyaya uğrasalar da, antropoloji baxımdan özlərini qoruyub saxlayıblar. Antropologiya elminin qəbul etdiyi Qafqaz irqi, tipi demək olar ki, bu ərazilərdə yaşayanların 50 faizində yoxdur.

– Məsələn, monqollar niyə türk hesab olunmur?

– Əslində, 1206-cı ildə Onon qurultayında Monqol dövlətinin yaradılması haqqında qərar qəbul etmiş dörd tayfa monqol yox, kiyat, kerey, naymen, merkit adlı türk tayfaları idi. Yalnız biri və başçısı Çingiz xanın olduğu tayfa monqol idi.

– Bəs nə üçün Çingiz xana böyük türk sərkərdəsi deyirlər?

– Döyüşən orduda da əsas rəhbərlik, döyüşçülərin böyük əksəriyyətini türklər təşkil etdiyi üçün biz Çingiz xana türk sərkərdəsi deyirik. Düzdür, bəzi mənbələrdə Çingiz xanın türk olduğu da yazılır. Çingiz xanın atası Yesugey kiyat tayfasının başçısı olub. Çingiz xana dörd övlad dünyaya gətirən arvadı Börte türk əsilli ponirat tayfasından olub. Çingiz xanın dörd övladının dördünə də türk adı qoyulub. Heç monqollarda xan titulu da olmayıb. Və Çingiz xanın hakimiyyəti dövründə bütün işlər türk dilində aparılırdı. Xanın ağ keçə üzərində yuxarı qaldırılması və seçkilər özü-özlüyündə qədim türk, daha dəqiqi qazax adət-ənənəsi olub. Çingiz xanın əsil adı isə qazax ləhcəsində Timurçin idi.

Mən Rusiya tarixçilərinin kitablarında da oxumuşdum ki, Çingiz xanın imperiyası dövründə buraxılan pul-sikkələrin üzərində yazılan sözlər türkcə olub və əksəriyyətində isə qazax kəlməsi həkk olunub.

– Sizcə, hansısa bir Azərbaycan sərkərdəsinin türk olub-olmaması əsas məsələdirmi? Tutaq ki, Babəkdən danışaq...

– Əlbəttə ki, etnik mənsubiyyət önəmli rol oynamır. Etnik mənsubiyyət davası edən xalqlar inkişaf etmirlər. Əsas onun tarixdə oynadığı rol və xidmətləri önəmlidir. Məsələn, fərqi yoxdur ki, Babək türk olub və ya ərəb. Əsas odur ki, o azadlıq hərəkatının lideri olub. Yadelli işğala qarşı mübarizə aparıb.

– Səfəvilər dövlətinin kökü çoxmu dərindədir? Bu kök hara gedib çıxır? Bəzi təqiqatçılar niyə Səfəvilərin mənşəcə kürd olduğu qənaətinə gəlirlər?

– Ümumiyyətlə, tarixi şəxsiyyətlərin, xaqlar və millətlər qarşısında mühüm rol oynayanların etnik kimliyi müzakirə oluna bilməz. Kürd olmaq ayıb deyil. Kürdlər istər türklərin, istər azərbaycanlıların tarixində mühüm rol oynamış xalqdırlar. 1453-cü ildə İstanbulun fəthində də, 1918-23-cü illər Türkiyə azadlıq hərəkatında da, Azərbaycan Şəddadilər dövlətinin qurulmasında da onların böyük xidmətləri olub.

– Daha konkret danışaq, Şah İsmayılın ən ulu babası kim olub?

– Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır. Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməzliyini əminliklə deyə bilərəm. Bunu inkar etmək günəşin olmadığını deməyə bərabərdir.

– Şah İsmayılın hakimiyyəti dövründə hansısa dini təriqətə qarşı mübarizə aparılıbmı?

– Xeyr. İsmayıl hakimiyyəti dövründə heç bir dini təriqətə qarşı mübarizə aparmayıb. Düzdür, dövlət şiə dövləti idi və sünilərə qarşı bəzi yerlərdə sıxışdırılmalar olub, amma hansısa bir qətliam, hörmətsizlik olmayıb. Əgər olsaydı, Şah İsmayıl Şirvanşahlar dövlətinə son qoyardı. Halbuki, 1538-ci ilə qədər onlara hansısa bir təsir göstərilməyib.

– Bəs o, Əbubəkrə, Ömərə, Aişəyə nə üçün lənət oxutdurmuşdu?

– Şah İsmayıl Aişəyə, Ömərə, Əbu Bərkə lənət oxutdurmayıb. Bu, sadəcə olaraq fərziyyədir və Şah İsmayıla kölgə salmaq məqsədi daşıyır. Mən hətta bəzi Avropa və fars mənbələrində Şah İsmayılın İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlanmasını da oxumuşam.

– Fazil Mustafa bir dəfə müsahibəsində demişdi ki, Səfəvilər bizim fəlakət tariximizdir. Siz isə Şirvanşahlar dövləti haqqında təxminən, eyni fikri dilə gətirmişdiniz. Doğrudanmı, şərəfli bir tariximiz olmayıb?

– Biri var yazılan tarix, biri də var fərziyə. Bunların ikisini də inkar edən tamam başqa bir yanaşma isə şəxsi fikirdir. Şəxsi fikirləri tarixi fakt kimi qəbul etmək olmaz. Fakta münasibət bildirmək olar. Amma ona qiymət vermək doğru deyil. Səfəvilər Azərbaycanın ən qüdrətli, şanlı tarixi dövlətlərindən biridir. O dövrdə bütün dövlətlərin etdiyini Səfəvilər də edib. Dövlət mövcudluğu uğrunda, inkişaf yolunda nə etmək lazımdırsa həyata keçirib və bütün Azərbaycan torpaqlarını birləşdirib.

– Bəs Şirvanşahlar dövlətini nə üçün utanc tariximiz kimi qiymətləndirmişdiniz?

– Bu fikri Şirvanşahlar haqqında tamam başqa aspektdən demişdim. Mən tarixçiyəm və müəlliməm. Biz kurikulum standartları ilə dərs keçirik. Dövlətin standartlarından biri də şəxsiyyət standartıdır. Təəssüf ki, Şirvanşahların hökmdarlarını nümunə kimi vermək olmur. Düzdür, bu da bizim tariximizdir, amma gərək orta məktəb dərsliyində hər şeyi yazmayasan.

– Məsələn, nəyi yazmaq lazım deyil?

– Təsəvvür edin, Şeyx İbrahim Dərbəndi 1382-ci ildə hakimiyyətə gəlir və elə ilk məruz qaldığı hücumda özünü qul adlandırıb tabe oldu. Yəni 1386-cı ildə Teymur hücum edəndə gedib dedi ki, mən sənin qulunam və sənə tabeyəm. Amma 1405-ci ildə Teymur ölən kimi ondan üz döndərib qoşunları ilə döyüşə girdi. 1412-ci ildə isə Qaraqoyunlularla döyüşə girdi və məğlub olub tabe oldu. Şeyx olmasına baxmayaraq, şərab içib öz təslimçiliyini bildirdi. Hətta oğlunu hakimiyyət uğrunda vəhşicəsinə öldürdü. Bu kimi xoşagəlməz fəaliyyəti 1120-1160-cı illərdə Şirvanşahlarda hakimiyətdə olan III Məniçöhr də edib.

Danılmaz faktdır ki, bütün digər Azərbaycan dövlətləri kimi Şirvanşahlar da xalqın tarixinin, mədəniyyətinin formalaşmasında, inkişafında müstəsna rol oynayıblar. Amma bəzi məqamlar var ki, tarixçi olaraq razılaşmaq olmur. Biz dərsdə şagirdə, tələbəyə nümunə olacaq faktlar deyirik. Deyirik ki, Cavad xanı kimi mübarizə aparın, təslim olmayın. Amma Şirvanşahlar 861-ci ildə yaranır, qısa müddət sonra Sacilərə, Salarilərə, Səlcuqlara, gürcülərə, monqollara, Xarəzmşahlara, Eldənizlərə, Hüllakülərə, Cəlairilərə, Qaraqoyunlulara, Səfəvilərə və s. tabe olublar. Demək olar ki, 1538-ci ilə qədər davamlı olaraq 30 il müstəqil siyasət yeridə bilməyiblər.

– Bəlkə hamıya tabe, qul olmaq xüsusiyyətinə görə Şirvanşahlar Azərbaycanın ən uzunömürlü feodal dövləti oldu?

– Albaniya ondan da uzun müddət mövcud olub. E.ə IV əsrdən 705-ci ilə qədər.

– Yeri gəlmişkən, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin bayrağında qoyun şəkli vardı?

– Təəssüflər olsun ki, XIX əsrə qədər bizim müfəssəl tarix kitabımız olmayıb. İlk dəfə olaraq Abbasqulu ağa Bakıxanov bunu etdi. Sonra isə 70 il sovetlərin tərkibində olmağımız bizim tariximizdə ciddi problemlər yaratdı. Bu daha çox dövlətlərin adları və siyasi idarəçiliyi ilə bağlı oldu.

Qaraqoyunlu və Ağqoyunlu adlı XV-XVI əsrlərdə dövlət olmayıb. Həmin dövrün tarixindən bəhs edən "Tarixi-Türkmaniyyə" və "Tarixi sultan Qütbşahi" əsərlərində bu dövlətlərin adları Baharlı və Bayandurlu kimi qeyd olunur. Onların bayraqlarında qoyun təsviri də olmayıb. Qoç başı əks olunub. Bu da onların mübariz, döyüşkən olması ilə əlaqədardır. Sadəcə olaraq sovetlər dövründə tariximizə kinli münasibət nəticəsində bu ad formalaşdı. Çünki bu dövlətlər mövcud olanda rusların mərkəzləşmiş dövlətləri yox idi və bizim tariximizə qısqanclıqla yanaşırdılar.

– Kamran bəy, bəs ermənilərin tarixi hardan başlayır?

– Ermənilərin tarixinin başlamasını bir neçə hissəyə bölmək olar. Birincisi, Azərbaycanda tarixi bilməyib, populist yanaşanlara görə. İkincisi, tarixi oxuyub, amma başa düşməyib, sadəcə eşitdiyinə inanan kütləyə görə. Üçüncüsü isə tarixçi, siyasətçi yox, məhz tarixçi fikri. Mən məsələyə tarixçi kimi yanaşıram. Ermənilər özlərinə Hay və ölkələrini Hayastan və ya Hayk adını veriblər. İndi daşıdıqları erməni adı isə onların sonradan ərazisində məskunlaşdığı Göyçə gölündən başlayıb Van hövzəsinə qədər uzanan silsilə dağların, yəni Ərmən dağlarının adıdır.

– Onlar buralara nə zamandan gəliblər?

– Ermənilər bu əraziyə Midiya tayfalarının axını zamanı gəliblər. Erməni adına ilk dəfə Armina və Arminiya şəklində Bisutun yazılarında rast gəlinir. Əhəməni imperatorluğunun Arminiya satraplığı Van gölü hövzəsi mərkəz olmaqla Arazın Türkiyə hissəsindəki vadilərlə Qərbdə Elazığ və Ərzincan hissəsindən keçərək Yuxarı Fərat hövzəsini əhatə etməkdəydi. Eyni bölgə antik yunan və Roma mənbələrində Arminia, İslam dövrü ərəb qaynaqlarında Armaniyya – Ərməniyyə olaraq xatırlanır.

– Bəs türk mənbələrində erməni adına nə vaxtdan rast gəlinir?

– Türk mənbələrində Ərməniyyə termininə XV əsrə aid qaynaqlarda təsadüf olunur. Ümumiləşdirib deyim ki, ermənilər köçəri halda İran, Türkiyə, Livan, Suriya ərazilərində məskunlaşıb yaşayıblar. E.ə. I əsrin əvvəlində Selevkilər dövlətinin süqutu ilə erməni çarı II Tiqran ərazilərini Yuxarı Mesopotamiya və Suriyaya doğru genişləndirmə siyasəti yürütdü və bugünkü Livanın cənubuna qədər olan ərazini işğal etdi. II Tiqran ölkənin paytaxtını Diyarbəkir şəhəri yaxılığında saldırdığı Tiqranakert şəhərinə köçürdü. Lakin Roma imperiyası ərazidə güclü bir dövlətin yaradılmasına göz yuma bilməzdi. Qney Pompeyin komandanlığı altında Roma və Ermənistan hökmdarları arasında olan döyüşdə II Tiqran məğlub edildi və işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur oldu.

– Bu faktlar hansı mənbədə yazılıb?

– Bu dediklərim AMEA-nın nəşr etdiyi VII cildlik Azərbaycan Tarixi kitabının I və II cildində öz əksini tapıb.

– Bəs ruslarla ermənilərin dostluğu necə yarandı? Məsələn, Türkiyə ilə Azərbaycanın qardaşlığının məntiqi əsası var. Bəs ermənilərə dəstək, himayədarlıq nə üçün rus milli düşüncəsinin tərkibinə çevrilib?

– XX əsrə qədər dünyada heç bir xalq dost olmayıb. Hətta Türkiyə ilə Azərbaycan dost olmayıb. Yəni hərənin öz maraqları, hədəfləri, məqsədləri olub. Tarixdə Ağqoyunlu–Osmanlı, Səfəvi–Osmanlı müharibələrini hamı xatırlayır. Dünyanın heç bir başqa xalqı demir ki, bu xalq mənim dostumdur, qardaşımdır. Hətta eyni bayraq altında yaşayan İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya belə bir-birilərinə bunu demir. Bu o demək deyil ki, onlar dost deyil. İngilislərin bir sözü var, mənim daimi dostum yoxdur, daimi maraqlarım var. Ruslar XVIII əsrdə Qafqaza gəldikdən sonra buranı daimi əllərində saxlamaq üçün bir qula ehtiyacları var idi. Bu missiyanı ermənilər öz üzərinə götürdü. Hətta I Pyotr bununla bağlı 1724-cü ildə fəman da vermişdi. Yəni Cənubi Qafqaz dövlətləri daima bu seperatçıların təziqi altında saxlanılmalı idi. Buna görə də 1828-ci il Türkmənçay müqaviləsinin XV maddəsinə xüsusi bənd əlavə olundu. Ermənilər rusların Cənubi Qafqaza qoyduğu sərmayədir. Nə vaxt lazım olsa, çıxarıb öz məqsədləri üçün istifadə edirlər. Yəni ruslara ermənilər lazım deyil, yanlız öz məqsədləri üçün istifadə etməyə yararlıdırlar.

– Kamran bəy, siz nə üçün həbs olunmuşdunuz? Mətbuatda bu barədə məlumat getmişdi.

– Mən həbs olunmamışdım. 2014-cü ildə saxta ittihamlarla cinayət işi açılıb. Mənim məhkumluğum yoxdur. Sadəcə olaraq cinayət işinin istintaqı zamanı nəzarət altında qalmışam. Bu gün köhnə və əsassız olan faktla bağlı kimlərsə məni zərərsizləşdirilmək üçün istifadə edirlər. Mənə qarşı irəli sürülən ittihamların hamısı saxta və əsassız idi. Orda ad və soyadımdan başqa heç bir şey düzgün deyildi.

– Sizi kimlər zərərsizləşdirmək istəyir ki?

– Son üç il ərzində mənim təhsillə bağlı fikrlərim, təklif və mövqeyim təhsilin bütün instansiya və qurumlarının rəhbərlərini, əməkdaşlarını narahat edirdi. Mənim mətbuat və jurnalistlərlə yaxınlığım da onları narahat edirdi. Onlar dəfələrlə mənə qarşı mübarizə aparıblar. Son əsassız dərslik hadisəsi isə onların əlinə fürsət verdi. Mənim üçün dəyişən heç nə yoxdur. Hər şey əvvəlki kimi davam edir. Mən hansısa şəxsin, məmurun dostu deyiləm. Dostlarım çoxdur. Amma hansısa bir məmur dostum deyil və mən kimlərinsə sifarişi ilə danışmıram, yazmıram. Mən müstəqil araşdırmaçıyam. Mənim müstəqil olmağım isə onları narahat edir.

– Məlum-məşhur xəritə kitablarda yenə qalırmı?

– Xəritə olduğu kimi qalıb. Yalnız oradan Armeniya sözü silinib. Biz beləyik də, tarixə istədiyimizi yazırıq, istəmədiyimizi silirik. Yəni keflə tarix yazırıq.

– Hansı tarixçilərə inanaq? Kimlərin adını çəkə bilərsiniz?

– Tarixi bir vəzifəyə, bir qarın çörəyə, bir medala satmayan istənilən adama inanın. Əslində, bizdə tarixi konsepsiya yoxdur. Ona görə də tarixçilər arasında mübahisə yaranır.

– Sözünüzdən belə çıxır ki, vəzifədə olan tarixçilərin hamısı pisdir?

– Qəti bu fikirdə deyiləm. Məsələn, akademik Yaqub Mahmudov kifayət qədər ciddi şəkildə Azərbaycan tarixi, elmi üçün tədqiqat işləri aparır, kitablar yazır. Onun kitabları mənim stolüstü kitablarımdır. Mən Azərbaycanın tarixçi alimlərindən ancaq onun kitablarını oxuyuram.


Müəllif: Kəramət Böyükçöl