23 Noyabr 2017 13:22
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün parlamentdə Milli Məclisin 2018-ci il üçün xərclər smetası müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu haqda Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verib.

O, deyib ki, 2018-ci ilin büdcəsində Milli Məclis və aparatının saxlanılması üçün 24 milyon 232 min 55 manat nəzərdə tutuluib: “Bu məbləğin 68,8 %-ni əmək haqqı fondu və ödəmələr təşkil edir. Biz hökumətdən xahiş edirik ki, xarici ezamiyyətər üçün 200 min, digər xərclərə 300 000, avadanlıqlara 100 min, mətbəə xərclərinə əlavə 50 min, Milli Məclisin avtoparkında təmir və yenilənmə üçün ümumilikdə 1 milyon 200 min manat ayrılsın”.

Firudin Hacıyev əlavə edib ki, Milli Məclisin iclas salonunda televizor mərkəzinin istismar müddəti başa çatır və rəqəmsal yayıma keçidlə bağlı, habelə plenar iclas zalında yeni monitorların alınması üçün vəsait nəzərdə tutulmalıdır.

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, Milli Məclis hakimiyyətin müstəqil qanadıdır: “Biz beynəlxalq qurumlarda təmsil olunuruq, çoxlu xarici ezamiyyətlər həyata keçirilir. Prezident Administrasiyasının saxlanılmasına Mİlli Məclisin saxlanılmasından 4 dəfə çox vəsait, yəni 94 milyon manat nəzərdə tutulub. Maraqlıdır, bu fərq nə ilə bağlıdır? Mən Firudin Hacıyevdən və hörmətli nazir Samir Şərifovdan xahiş edirəm ki, bunun səbəbini açıqlasın. Bəlkə Prezident Administrasiyasında işçi ştatı, xarici ezamiyyətlər Milli Məclisdən daha çoxdur”.

Zahid Oruc isə deyib ki, vaxtilə Milli Məclisin əsaslı təmiri, müasir avadanlıqların qurulması həmin dövr üçün mühüm hadisə idi: “Ancaq dünya rəqəmsal komunikasiya modelinə keçid edib. Məncə də avadanlıqların dəyişdirilməsi və müasirləşdirilməsi lazımdır. Eyni zamanda Milli Məclis sürücülərinin və işçilərinin əmək haqlarının artırılmasını xahiş edirəm”.

Komitə sədri Siyavuş Novruzov Qüdrət Həsənquliyev və Zahid Orucun qaldırdığı məsələləri dəstəklədiyini bəyan edib: “Milli Məclisdə bəzən plansız tədbirlər ortaya çıxır. Çünki bunu öncədən proqnozlaşdırmaq olmur. Elə məsələlər var ki, bu dünyada və regionda gedən proseslərlə bağlıdır. İndi biz planlaşdıra bilərik ki, 2018-ci ildə 10 xarici ezamiyyət olacaq. Amma il ərzində mümkündür ki, bu 25-ə qədər yüksəlsin. Çünki dünyada baş verən proseslər bizdən asılı deyil. Bu səbəbdən hesab edirəm ki, xərcləri artırmaq lazımdır. Əgər bu maliyyə istifadə edilməsə, geri qayıdacaq.

İkincisi, biz beynəlxalq təşkilatlarda təmisl olunuruq. Bəzən həmin qurumlarda Azərbaycanla bağlı əks addımlar baş verir. Avropa Şurasında artıq geriyəsayım başlayıb. Bu məsələlər komitələrdə müzakirə edilir, sonda parlamentə çıxarılıb qərar verilir. Bu kimi məsələlərin həllini ancaq səfirliklərin öhdəsinə buraxa bilmərik. Hesab edirəm ki, bu məqam da nəzərə alınmalıdır.

Üçüncüsü, parlmentin dostluq qrupları var və yaxşı da işləyirlər. Ancaq münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün əsas meyar həm də qarşılıqlı səfərlər, ünsiyyətdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı bəzən internetdə mənfi nələrsə yazılır. Həmin dostluq qrupunun üzvləri də yazılanlara inanırlar. Ancaq gəlib bura real vəziyyəti görsələr, heç vaxt yazılan yalanlara inanmazlar".

Spiker Oqtay Əsədov isə bildirib ki, rəqəmsal keçidlə bağlı avadanlıqların dəyişdirilməsi nəzərə alınacaq: “İclas zalındakı monitorlar da yenilənəcək. Gələn il Cümhuriyyətin və parlamentin 100 illiyidir, qonaqlarımız olacaq. Bunu nəzərə alaraq avadanlıqlar daha da müasir olmalıdır”.

O.Əsədov əlavə edib ki, 2017-ci ildə ezamiyyət xərclərində problemlər olub: “2016-da biz büdcəni müzakirə edərkən, devalvasiya nəzərə alınmamışdı. Lakin buna baxmayaraq, parlament bütün beynəlxalq tədbirlərdə iştirak etdi. Gələn il parlament iki böyük tədbir keçirməyi planlaşdırır. Əgər bu tədbirlər parlamentdə keçirilsə Maliyyə Nazirliyi vəsait ayıracaq”.

Samir Şərifov isə qaldırılan məsələlərə baxılacağını və hökumətin öz təkliflərini verəcəyini deyib.


Müəllif: Cavad