28 Noyabr 2017 21:58
9 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com filosof Müşfiq Ötkünlə müsahibəni təqdim edir.

– Müşfiq bəy, bizdə kim fəlsəfəylə məşğuldursa, ona filosof deyirlər. Bu doğrudurmu?

– Düzü, Azərbaycanda akademik dairələrdə kimisə filosof adlandırmağa çox qısqanc yanaşırlar. Onlara elə gəlir ki, filosof ya keçmişdə olub, ya da indi ancaq xaricdə var. Bizdə ümumi təfəkkür budur...

– Məsələn, Həmid İmanov fəlsəfə dərsliyi yazıb, ona filosof demək olarmı?

– Həmid İmanov fəlsəfəçi idi. Mən onu filosof adlandırmazdım. Yeri gəlmişkən, mənim elmi rəhbərim olub. Fəlsəfi refleksiyanın onun həyatında əhəmiyyəti yox idi. Yəni bunun ifadəçisi deyildi.

– Yəni Asif Ata kimi deyildi?

– Deyildi. Çünki Asif Atanın öz örijinal yaradıcılığı, baxışları, mübarizəsi vardı. Tələbələri vardı. Filosofun gərək həm də tələbələri olsun. Universitet auditoruyasının sənə məcburi qaydada verdikləri ilə filosof olmaq mümkün deyil, bunun üçün öz tələbələrin, yetirmələrin, davamçıların olmalıdır...

– Ağalar Məmmədov necə, onu filosof kimi qəbul edirsinizmi?

– Bəli, Ağaları parlaq filosof sayıram.

– Hansı cəhətlərinə görə?

– Ağaların Azərbaycanda fəlsəfi dalğanın yaradılmasında rolu böyük idi. İndi də təsiri qalır. Onun “Aşma” əsəri bəlkə yeganə fəlsəfi əsərdir ki, ikinci dəfə nəşr olundu. Onu xeyli gənc oxudu, hətta mənim övladlarım da. Ağalar gənclərin dünyagörüşünə təsir edib. Filosofluq da məhz budur. Düşüncələri ilə zəmanəsinin insanlarını narahat etmək, düşündürmək. Onda tənqidi şüur çox güclüdür. Bizim ümumən itaətkar fəlsəfi şüurumuz üçün Ağalar hava-su kimi lazım idi.

Filosofluğu müəyyən edən idrakın xarakteridir. Fəlsəfi refleksiyadır. Adamda o varsa və təbiidirsə, yaradıcıdırsa, onun şüuru yoluxucu olur. Belə adam ətrafında çox adamı düşündürür.

– Ağlar Məmmədovu dediniz. Bəs başqa hansı çağdaş filosoflarımızın adlarını çəkə bilərsiniz?

– Əlbəttə ki, Azərbaycanda fəlsəfi şüur daşıyıcıları var. Ağaları dedim. Bu sıraya Rəhman Bədəlov, Səlahəddin Xəlilov, Niyazi Mehdinin də adlarını əlavə edə bilərəm. Onların yazılarında fəlsəfi şüur, ruh var. Təbii, tanımadıqlarım da ola bilər.

– Ümumiyyətlə, filosoflar nə istəyir?

– Azad dünya istəyir. Filosofda fikir sanki, energetik forma alır. Canlı və nüfuzedici olur. Adamın şüurunu sonsuzluqla, əbədiyyətlə əlaqələndirir. Həqiqi fəlsəfi ünsiyyət insanın kainatdakı ekzistensial tənhalığını yaradır və dərhal da onu bu ünsiyyətlə doldurur. Həqiqi fəlsəfə ali insani mövcudluqdur. Bundan kənarda isə fəlsəfə yalnız məlumatlar, savad predmetidir ki, bu da mənə görə heç nəyə lazım deyil.

– Maraqlıdır, hər şeydə fəlsəfə axtarmağınız ixtisasınızla, məşğul olduğunuz sahə ilə bağlıdır? Yoxsa doğrudan da həyatda ən adi şeyin belə fəlsəfəsi var?

– Mən fəlsəfə fakultəsini bitirməmişəm. Planımda filosof olmaq yox idi. Fəlsəfə mənim hobbim idi. Sonra müdafiə etdim və fəlsəfə həm mənim yaşam formam, həm də işim oldu. Bu üsulla mən gerçəkliyi həzm edirəm. Əks təqdirdə gerçəklik həzm olunmur, ağrı verir. Həyatı həzm edəndə transformasiya edə bilirsən. Sanki həyatla oynayırsan. Mənalandırmayanda isə həyatı depressiya üstələyir. Fəlsəfə mənə həyatın tərcümanalığını etməyə imkan verir. Məncə, insan həyatının mənası da əslində, budur, həyatın tərcümanlığın etmək, yəni ifadəçisi olmaq.

– Sizin fikirlər asan həzm olnur, nə demək istədiyiniz dərhal anlaşılır. Başqa filosofların fikirləri bu qədər asan qavranılmır. Bunlar nə ilə bağlıdır?

– Bilmirəm... Yəqin ki, xarakterimlə bağlıdır. Mənim üçün fəlsəfə ilk növbədə ünsiyyətdir. Bəlkə buna görədir. Ünsiyyət isə anlaşılmaq və ən dərindəkilərlə bölüşmək ehtiyacından yaranır. Bəziləri fəlsəfəyə siyasət üçün gəlir. Nəsə udmaq istəyirlər. Digərləri mübarizə üçün gəlirlər. Bu halda da bütün kartları açmaq olmaz. Bir başqaları da var ki, savad nümayişi ilə məşğuldurlar. Daima ən yeni nüanslar oxuyurlar və onların gizli məqsədi budur ki, oxucuya desinlər ki, görürsənmi, mən necə savadlıyam, sizin bilmədiklərinizi bilirəm... Onlar daima özlərini təsdiq etmək iqlimində olur. Buna görə də mətnləri terminlərlə doldururlar. Bunlar mənlik deyil.

– Müşfiq bəy, Qərb və Şərq fəlsəfəsinin fərqi nədir? Bunu sadə bir dillə izah etmək mümkündürmü?

– Çox qısa şəkildə izah etmək çətindir. Amma cəhd edərəm. Şərq fəlsəfəsi daha qədimdir. O, minilliklər ərzində həyatın mənasına vara bildi. Və fərqli olsa da, ümumən bir cavab tapdı. Dinlər o bir cavabın variasiayaları oldu. Həyat insanilik məzmununda bilinən başlanğıcın özünü aşkarlama və dərki prosesidir. Ağlını təmizləyə bilənlər bu vəziyyəti seyr edə bilirlər. Və bundan böyük həzz alırlar. Bu məqam insan həyatının zirvəsidir. Yaradıcılıq və əxlaqın bulağıdır.

Qərb fəlsəfəsi isə Şərdən ilham alaraq yarandı. Antik fəlsəfə Şərqdən etkilənmədir. Lakin sonra Şərqdən onlara bir bəla gəldi. Xristianlıq! Tələyə düşdülər. Neçə əsrdən sonra Qərb insanı üsyan etdi. Bu üsyanı filosoflar yaratdı. Və müasir Qərb fəlsəfəsi həmin o dini cəmiyyətin yaratdığı qaranlıqla mübarizədə formalaşdı. Xeyli azadlıq potensiyası aşkarlaya bildilər. Azadlıq da üstünlüyə transformasiya olundu. Hətta ən müasir fəlsəfələri olan postmodernizm belə hələ də teologiyaya reaksiyanın davamıdır. Hələ də həqiqət yoxdur və ya həqiqət çoxdur demək, “Həqiqət – birdir!” deyən dinə etirazdır.

– Din demişkən... Sizcə, dinsiz bir dünya necə olardı?

– Sosial institut kimi gələcəkdə din olmayacaq. Yəni insanlarla manipulyasiya edən, onları istismar edən olmayacaq. Bu tələni Qərb insanları çözdüyü kimi Şərqlilər də gec-tez çözəcək. Amma insanların ruhani axtarışları qalacaq. Müqəddəs kitablar da kitabxanada oxunan kitablardan biri olacaq. Ruhani axtarışlar daha kiçik maraq qrupları kimi yaşayacaq. Bir milyon, bir milyard adamın eyni fikirdə olması nə deməkdir? Təbii ki, bu siyasətdir. Siyasət olunca zor da olacaq. Filan müddəaya baxışımız belədir, hamı belə baxmalıdır. Baxmayan bizdən deyil, başqa dindən və ya təriqətdəndir. Bu məsələlər identiklik mövzusu olmaqdan çıxacaq, intellektual tərcihlər mövcusu olacaq.

Din məsələsində mən ustad Lev Tolstoyun mövqeyində dayanıram: “Dinlər olmasaydı, insanlar Allahı axtarardırlar”. Tolstoy dinin azad axtarış üçün necə bir əngəl olduğunu bütün yaradıcılığı ilə göstərməyə çalışdı. Düzdür, bu həqiqəti elə İncil və Quran da göstərir, amma baxan kimdir? Baxış istiqaməti də müəyyən olunub. Başqa cür baxa bilməzsən, yorumlaya bilmzəsən. Ən yaxşı halda savadsız deyəcəklər. Kafir də deyə bilərlər.

Dinin institusionallaşmadığı cəmiyyətlər olub, indi də var. Məsələn, Yakutiya. Orda da əxlaq var, insanlıq var. Amma böyük sivilizasiya, böyük ərazilər zəbt etmək istəyən bəşər nədənsə, belə istədi. Və bu fenomeni hələ axıra qədər dərk etməyib.

– Maraqlıdır, insan öləndən sonra onun başqa bir dünyada yaşamasına, cənnət-cəhənnəm söhbətlərinə inanırsınız?

– Ora gedərik, baxarıq. Hələlik burdakı gerçəkliyimizi mənalandıraq. Bu məsələ mənim üçün açıqdır. İnkar edim, nəyi inkar edim? Təsdiq edim, nəyi təsdiq edim? Amma reinkarnasiyaya inanan kimiyəm. Çünki həyat bir “mən”in sonsuz variasiyalarını xatırladır. Sanki Nəsimi səslənir: “Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm...”

– Hicaba münasibətiniz necədir?

– Qızım olsa idi, hicab taxmayacaqdı. Qoy başına gün dəysin, saçlarını küləklər oxşasın. Böyüyəndən sonra əqidəsi hicab taxarsa, bu artıq onun öz şəxsi işi və taleyi olacaqdı. Hər kəs dünyanı özü dərk etməlidir.

– Bəs radikal dindarlarla mübarizənin yolunu nədə görürsünüz?

– Radikallizmin bütün formaları qadağan olunmalıdır. Bu, məncə, hüquqi məsələdir. Cəmiyyətdə radikalizmin yayılmaması üçün isə bütün istiqamətlərdə – şaquli və üfüqi ünsiyyət gərəkir. Bir də təbii, maarifləndirmə vacibdir. Amma sağlam, bu işi bacaran, istedadlı adamlar tərəfindən.

– Sizcə, kim Allahın varlığını inkar edirsə, ateistdir? Yoxsa yalnız onun elmi ilə məşğul olanlara ateist deyilir?

– Əslində, ateizm antiklerikalizm kimi yarandı. Yəni dindarların hakimiyyətinə qarşı üsyan kimi. Dindarlar hər yerə burunlarını soxurdular. Düşünməyə qoymurdular. Az qala insanların bütün şəxsi həyatlarına, çarpayılarına qədər müdaxilə edirdilər. Hər həftə gəlib keşişə danışmalı idin nə etmisən, nə edəcəksən. Kilsəyə gəlmədin, kafirsən. Səninlə alver etmirdilər, səni kənddən belə qova bilirdilər. Dini cəmiyyətlər həmişə belə olub.

İlk ateistlər Allaha inanırdılar. Amma sonra mübarizənin gedişində çox şey dəyişdi. Dindarlar gediş etdilər, opponentlərini antiklerikal deyil, din, tanrı düşməni adlandırdılar. Belə döyüşmək daha asan idi. Qarşı dərəf də dirəşdi. Ateizmi din yaratdı. Yəni ateizim dindarlığın tüğyanına qarşı yarandı. Elə indi də dindar-ateist diskussiyaları iki həyat tərzinin mübahisəsidir.

– Müşfiq bəy, sizcə, niyə savadsız adamlar maraqlı olur? Məsələn, qeyri-adi hadisələrin demək olar ki, hamısı onların başına gəlir. Danışırlar, yazırlar cəmiyyət tərəfindən də maraqla qarşılanır. Savadlı, məntiqli adamlar isə quru olurlar.

– Gözəl sualdır. Hələ 2500 il əvvəl Konfutsi bu məsələyə diqqət yetirmişdi. Deyirdi, əsas məsələ ondan ibarətdir ki, adam savad aldıqca ölməsin. Savad, tərbiyə almaq yontalanmaq, cilalanmaqdır. Almazın təxminən üçdə iki hissəsi cilalanmaya gedir ki, ondan brilyant alınsın. Brilyanta xələl vermədən bu işi yalnız usta görə bilər. Çox zaman savad və tərbiyə prosesində o üçdə ikinin içərisində insanın təbiətinin əhəmiyyətli hissəsi kəsilib atılır. Beləcə, təhsil çox adamı şikəst edir. Adam savadlı, lakin ölü olur. Yəni maraqsız olur.

Meyidlə ünsiyyət kimə xoş gələr ki? Amma savad almamış adam, yontalanmayıbsa da, təbiiliyi hələ özündədir. Canı var. Yəni maraqlıdır. Vəhşidir, amma həyatidir. Savad həyatiliyi daha parlaq ifadə etmək üçündür. Vəhşilik mane olmur və sən insanda təmiz həyatiliyi müşahidə edə bilirsən. Bu isə nadir hallarda olur. Əksər savadlı adamlar zamanla ölürlər, maraqsızlaşırlar. Hər şey var, diplomlar, medallar... Amma həyat yoxdur.

– Kimi deyir ki, ona tərbiyəni ata-anası verib, kimi deyir, bağçada veriblər. Kimisi də müəllimlərdən tərbiyə aldığını deyir. Bəs əslində, insan öz tərbiyəsini kimdən və nədən alır? Buna görə kimə təşəkkür olunmalıdır?

– Əslində, adama elə hamı tərbiyə verir. Küçədə görükdüklərindən tutmuş, mediyada rast gəldiklərinə qədər. Bu, adamın həssaslığına və qavrayışının xarakterinə bağlıdır. Şübhəsiz ki, valideynlərin və müəllimlərin rolu böyükdür. Çünki bu məsələdə qaçılmazlıq daha çoxdur. Sən valideynin və müəllimlərinin əlindən heç yerə qaça bilməzsən. Böyüyüb güclənənə qədər onların hakimiyyətindəsən.

– Valideyn və müəllim tərbiyəsinin birmənalı şəkildə qəbul etmək lazımdırmı?

– Deyim ki, valideynlərin və müəllimlərin şikəst etdikləri xoşbəxt etdiklərindən qat-qat çoxdur. Çünki onlar müsəlmandırlarsa, sən də müsəlman olursan, xristiandırlarsa, sən də xristian olursan, yaxud, ateistdirlərsə, sən də ateist olursan və s. Ona görə də ən yaxşı tərbiyə mütaliədən alınan tərbiyədir. Yalnız bu halda tərbiyəçini sən özün seçirsən.

Heç kim səni məcbur etmir ki, bu kitabı, ya o kitabı oxumalısan. İndi video kanallar var. Bu da mütaliənin bir formasıdır. Ordan da etkilənmək mümkündür.

İnsanın əsil tərbiyəçisi isə son nəticədə onun özüdür. Mən təxminən, 40 yaşıma yaxın anladım ki, indi-indi tərbiyə alıram. Çünki bu zamana qədər aldığım "tərbiyə" aşılanmalar idi. İnsalar nə cür istəyirdilərsə, elə olmağa çalışırdım. Bir növ onların oyununu oynayırsan. İnsan gec yetişən meyvədir.

– Azərbaycanda tez-tez cinayət hadisələri baş verir. Əsas motiv bunlardır: namus, qısqanclıq, xəyanət və s. Nə ilə bağlıdır bu? Bütün dünyada belədirmi?

– Bizdə bu şeylər qadına münasibətdən qaynaqlanır. Mentallıqda qadın əsasən seksual obyekt kimi bəlirlənib. Onu qorumaq lazımdır, izləmək lazımdır, kontrolda saxlamaq lazımdır. Kişilər gərginlik keçirirlər. Mürəkkəb situasiyalarda çıxış yolu tapa bilmirlər. Camaat nə deyəcək? Bıçağı kişinin əlinə bir növ camaat, mentalitet verir. Məncə, “Bir cənub şəhərində” filmində Eldar Quliyev bunun psixologoyasını yaxşı açır. Mən bu tip cinayətləri kollektiv şüurumuzun cinayətləri hesab edirəm. Qadının azad insan kimi təsdiq olunması üçün bu cəmiyyət hələ çox iş görməlidir. Oğlanlarımız da potensial cani yetişdirən mentallıqdan arınmalıdır.

– Çıxış yolu nədir?

– Keçən əsrin əvvəllərində azərbaycan qadınının azadlığı uğrunda Cəlil Məmmədquluzadənin, Mirə Ələkbər Sabirin, Cəfər Cabbarlının başladıqları mübarizə davam etməlidir. Zamanla yeni qadın və kişi obrazları yaranmalıdır. Amma bizdə düşünürlər ki, keçmişdə olan mükəmməldir. Əgər keçmiş mükəmməllik olsa idi, biz gərək hələ də Qobustan qayalarında qalaydıq. Qəribədir, insanlar irəli baxmağa qorxurlar. Sanki irəli baxan adamlar yoxa çıxıb.


Müəllif: Kəramət Böyükçöl