7 Dekabr 2017 09:10
3 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

əvvəli burada

... İndi qarşımızda yenə iki mühüm ölüm-dirim məsələsi vardı. Birincisi, əgər bizim bu hərəkətlərimizi görmüş, yaxud Kürdəmirdən telefonla xəbər almışdılarsa, mütləq arxamızdan ovçu təyyarəsi gələcəkdi. Bəlkə də, uçduğumuz zaman radio ilə xəbər verilmişdi. Çünki biz uçarkən maşinist daima Bakı ilə radio vasitəsilə əlaqədə idi. İndi mühüm məsələmiz nə olur-olsun, arxadan gözlənilən ovçu təyyarəsindən qurtulmaqdı. İkinci bir təhlükə də sərhədi keçərkən pulemyotlara hədəf olmaqdı. Hər iki təhlükədən qurtula bilmək üçün edəcəyimiz yeganə iş ən son sürətlə uçmaq, mümkün olduğu qədər çox yüksəyə qalxmaqdı. Təəssüf ki, bu qocaman təyyarə nə sürətlə uçur, nə də tez yüksəlirdi. Bu təyyarənin ən çox sürəti saatda 240 km idi, yüksəliş qabiliyyəti də çox azdı. Son ümidlərimizi Tanrıya bağladıq və uçduq. İmkan daxilində hər uçuş üsullarından istifadə etdik. Nəhayət, göz yaşlarımızla ayrıldığımız o müqəddəs yurdun hüdudu olan Araz çayına vardıq. Bu qədər uzun bir məsafə uçduqdan sonra təyyarəmiz ancaq 700 metrə yüksələ bilmişdi. Hüdud boyuna yaxınlaşan kimi gözləmədiyimiz bir hadisə ilə qarşılaşdıq.

Hüdudda gözləyən hərbi bölmələrin üstündən uçmaq məcburiyyəti yarandı. Demək ki, öz əlimizlə özümüzü pulemyotlara hədəf etdik. Artıq heç bir şey etmək imkanı yoxdu. Bir az geriyə dönərək istiqaməti dəyişmək, yaxud yan tərəfdən uçmaq fürsətinə imkan qalmamışdı. Ümidimiz yenə də haqq və hürriyyəti sevən böyük Allaha idi.

Düz sərhədçilərin üstündən uçduq, sərhədə yaxınlaşan kimi təyyarəmizi hər tərəfdən pulemyotlarla atəşə tutdular. Gurultusundan sərhəd boyunu sarsan pulemyotların səsini açıq şəkildə eşidirdik, fəqət təyyarəmizə dəyib-dəymədiyini bilmirdik. Ancaq təyyarəmizin düşməsini, yaxud alovlanaraq yanmasını gözləyirdik. Yenə ən son sürətlə uçurduq. Hörmətli oxucularım hər halda bilirlər ki, pulemyotlar 1200 metrə qədər havada uçan hədəfləri sərbəst vurur.

Xülasə, bu dəfə də həqiqət tərəfimizdə olduğu üçün talehsiz şansımız lehimizdə oldu. Biz bu qədər yağmur kimi yağan qurşunlardan qurtularaq sərhəddən xeyli uzaqlaşdıq. Bizi bu qədər ölüm təhlükəsindən qurtaran şansımıza mən hər zaman “talesiz şans” deyirəm. Çünki mənim haqlı olduğumu, bəlkə, qandaşlarım da təsdiq edərlər, əgər azərilərin şansı talehli olmuş olsaydı, hər halda illər boyu başqalarının əsarəti altında inləməzdilər.

Nəhayət, o yetim yurdun hüdudunu aşaraq İran şahlığının farslıq güddüyü şovinistlik pəncəsində inləyən İran Azərbaycanına vardıq. Kaş varmayaydıq. Sevindik, kaş sevinməyəydik. Çünki bu torpaq bizim üçün çıxılmaz bir tilsim oldu.

Təyyarəmiz İran Azərbaycanının ən yüksək dağlarını aşırdı. Bu əsnada dostum Həsən yanıma yaxınlaşaraq məndən bir şey rica etdi. Mən də “yaxşı” deyərək təyyarənin sükanından qalxdım. Fəqət dostum Həsənin bu yersiz ricasının və israrının səbəbini çox düşünmək istəmədim, dərhal oturduğum yerdən qalxdım. Həsən isə bu yersiz israrının irəlidə ona böyük faydalar verəcəyini zənn edərək bu sirri daha əvvəldən düşünmüşdü. İndi bu məqaləni oxuyan dostum Həsən qəlbində tutduğu o köhnə sirri xatırlayarsa, bəlkə də, öz vicdanından utanacaqdır. Mən bu sirri ancaq Təbriz həbsxanasında öyrəndim.

Mən bu dəfə əlimdə tapança həm gözətçilik edir, həm də uçuş istiqamətimizi xəritə üzərində tədqiq edirdim. Təyyarəmiz ən son sürətlə uçurdu. Dağların son yüksəkliklərini aşar-aşmaz normal çalışan motorlar birdən-birə pozuldu. Gözləmədiyimiz bu hadisə təyyarənin benzininin bitməsinə görə idi. Benzinin bu qədər tez bitməsini ummurduq, çünki bir az əvvəl maşinistdən “nə qədər benzin qalıb?” deyə soruşduğumuz zaman maşinist uçduğumuz saatları hesablayaraq çənlərdə daha bir saatlıq benzin olduğunu söyləmişdi. Bu təhlükəli hadisə qarşısında hər kəs dondu. Təyyarənin motorları yavaş-yavaş dayanmaqda idi. Mən yerimdən qalxıb təyyarə sükanının başına keçərək eniş etməliydim. Çünki yurddan hərəkət etmədən öncə belə qərar vermişdik ki, enişdə bir qəza olmasın deyə mən həyata keçirim. Fəqət bu təhlükəli hadisə üç yüz metr yüksəklikdə baş verdi, mən də vaxt taparaq təyyarənin sükanının arxasına keçə bilmədim. Dostumuz Cəlal dağların sonunda olan boş bir əraziyə məcburi eniş edərkən təyyarənin eniş qurğusu ilə motorun bir pərvanəsi, bir qanadın ucu azacıq qırıldı. Fəqət, şükürlər olsun ki, özümüzə bir şey olmadı.

Təyyarəmiz eniş edən kimi kəndlərdən “balon gəldi, balon gəldi” deyə səslənən yüzlərlə kəndli ətrafına toplandı. Həyatlarında ilk dəfə təyyarə görən bu kəndlilər bir uşağı oxşayar kimi təyyarəni oxşayaraq öpürdülər. Yanımıza gələn ilk kəndlidən soruşduğumuz sual bu oldu: “Buradakı ən yaxın mərkəz kəndin adı nədir?”. “Pirverdi kəndidir” deyə cavab verdilər. Dərhal xəritəmizə baxdıq, uçduğumuz istiqamət yolumuzun düz üstü idi. Təbriz şəhərindən 35 km məsafədə idik. Demək ki, daha 20-25 dəqiqəlik çox benzin olsaydı, çoxdan ana vətən Türkiyədə olacaqdıq.

Təyyarəmizin məcburi enişindən sonra çox vaxt keçmədi ki, yanımıza ətrafdakı kəndlərdən bir neçə nəfər gəldi. Özlərini dövlət məmuru olduqlarını söylədilər. Biz təyyarəni, təyyarədə olan min kiloqrama qədər yun qumaşı və ölən pilotun cənazəsini dövlət məmurlarına təslim etdik. Sonra təyyarənin ətrafını dolaşaraq harasına güllə dəyib deyə baxdıq. Gördük ki, sərhədi keçdiyimiz zaman yağmur kimi yağan qurşunların bir dənəsi benzin deposuna tuş gəlsəydi, təyyarəmiz alovlanacaq, biz də içərisində yanaraq rüzgarın havaya sovurduğu bir ovuc kül olacaqdıq.

Xülasə, dövlət məmurları bizi kənd muxtarının evinə apardılar. Qış ayı olduğu üçün hər tərəf palçıq idi. Kəndlilərin əksəriyyəti ayaqqabısız olmalarına baxmayaraq, palçığa bata-bata arxamızca muxtarın evinə qədər gəldilər.

Kənd muxtarının evinə gələn kimi bizdən silahlarımızı təslim etməyimizi istədilər. Biz də etiraz etməyərək silahlarımızı verdik və muxtarın qonaqlara məxsus otağına keçərək əyləşdik. Dərhal bizim üçün yemək gətirdilər. Yeməkdən sonra söhbət başladı. Axşama qədər yüzlərlə kəndli ziyarət edərək “səfa gəldiniz, qardaşlarımız” deyərək bizi salamladılar.

Ah çəkərək göz yaşlarıyla bizi salamlayan bu kəndlilərin hamısı İran şahlığındakı zavallı türk kəndliləri idilər. Müqəddəs türk irqinin beş milyonluq bədbəxt kütləsinin bu vəziyyətini görməmək üçün hissiz olmaq gərəkdir.

O gecə kənd muxtarının evində müsafir kimi qaldıq. Türk kəndliləri bizə ən yüksək sevgi və hörmətlərini göstərdilər. O gecə orada yatdıq, ertəsi gün erkəndən bizi aparmaq üçün muxtarın evinə bir jandarm zabiti və beş jandarm əsgəri gəldi.

“Hazırlaşın, əmr gəlib, sizi Təbrizə aparacağıq” deyə jandarm zabiti xəbər verdi. Biz hazır olduğumuzu söylədik. Dərhal kənd muxtarı əmr verdi, kənddən bizim üçün 4 at gətirdilər. Atlara mindikdən sonra bu türk kəndlərinə və ətrafımıza toplanan yüzlərlə türk kəndlisinə “Allah amanında” deyərək Təbriz istiqamətinə hərəkət etdik...

Davamı var...
Hazırladı: Dilqəm Əhməd


Müəllif: Teleqraf.com