8 Dekabr 14:04
384

Qondarma Dağlıq Qarabağ problemi, Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və bu gün Azərbaycanda yaşananlar Birinci Dünya müharibəsindən qalan miraslardır. Təəssüf edirəm ki, simpoziumun proqramında bu məsələlərə lazımınca yer ayrılmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov İstanbulda keçirilən “Birinci Dünya müharibəsinin hüquqi və tarixi aspektləri” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Y.Mahmudov daha sonra deyib:

“Birinci Dünya müharibəsindən sonra qalib dövlətlərin tarixçiləri müharibə illərinin saxta tarixini yaradıblar. Əsil tarix isə diqqətdən kənarda qalıb. Birinci Dünya müharibəsinin gedişində böyük dövlətlərin fəal köməyi ilə ermənilər Şərqi Anadolu və Cənubi Azərbaycandan başlayaraq, bütün Şimali Azərbaycan torpaqlarında dəhşətli soyqırımlar törədiblər. 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib. Daşnaklar, hətta Türküstanda, Orta Asiyanın başqa yerlərində də türk xalqlarına qarşı soyqırım həyata keçiriblər. Bu vəhşiliklər hüquqi cəhətdən qiymətini almalıdır. İcraçılar və bu siyasəti yeridən qüvvələr dünya xalqlarına açıq bildirilməlidir”.

Akademikin sözlərinə görə, Birinci Dünya müharibəsində Azərbaycan xalqı həm də öz ərazilərini itirib:

“1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında ermənilərə dövlət yaradıldı. Bu məsələ də hüquqi qiymətini almalıdır. Çünki ermənilərin Cənubi Qafqazda etnik ərazi bazası yox idi. Azərbaycan xalqının razılığı olmadan onun torpağı böyük dövlətlər tərəfindən ermənilərə verildi. Ermənilər İrəvanın onlara verilməsi müqabilində öhdələrinə götürdükləri bütün şərtləri pozaraq yeni yaradılmış Ararat-Ermənistan Respublikası ərazisindəki aborigen azərbaycanlı əhalini məhv etdilər. Azərbaycan ərazilərində soyqırımları törətdilər. Yeni ərazi iddiaları irəli sürdülər. Bu məsələlər də hüquqi baxımdan araşdırılmalıdır”.

Y.Mahmudov çıxışının sonunda Türkiyənin Türk Tarix Qurumunun rəhbəri, professor Rəfiq Turana “Azərbaycan xalçaları: İrəvan qrupu” fundamental tədqiqatını, Qarabağ xalçasını və institutun soyqırımlar tarixinə həsr olunan çoxlu sayda nəşrlərini hədiyyə edib.

Qeyd edək ki, Türk Tarix Qurumu və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə dekabrın 6-da başlayan beynəlxalq simpozium dekabrın 9-dək davam edəcək.


Müəllif: Səxavət