IV Hissə
... Beş jandarm əsgəri və bir jandarm zabiti də bizimlə birgə Təbrizə gedirdilər. Bizi Təbrizə qədər aparmaq vəzifəsi onlara həvalə olunmuşdu. Günortaya qədər atlarımız dayanmadan yüyürdü. Dostlarım Cəlal və Həsən həyatlarında ilk dəfə ata mindikləri üçün bu qısa məsafə onları o qədər yormuşdu ki, sanki xəstəhal olmuşdular. Bir dəqiqə də olsun, atın üstündə rahat otura bilmirdilər. Mən isə uşaqlıqdan vətəni üçün istila rejiminə qarşı qaçaqçılıq edən və nəhayət bundan 13 il əvvəl ana vətənə mühacirət edən dayım Həsən Binaktarın özünəməxsus şəkildə bəslədiyi atların belində böyüdüyüm üçün heç bir yorğunluq hiss etmirdim. Fəqət şiddətli hərarətim olduğu üçün narahat idim. Hərarətimin də əsl səbəbi bu idi ki, biz o əziz yurddan ayrılarkən mən bir həftədən bəri yataqda xəstə yatırdım. Dostlarım məni zorla yataqdan qaldırmış, xəstə olmağıma baxmayaraq, yenə hərəkət etmişdik.
Maşinisti də bizimlə bərabər Təbrizə aparırdılar. Maşinist də həyatında ilk dəfə ata mindiyi üçün həm at, həm də qorxu onu yataqdan qalxmayacaq bir xəstə halına gətirmişdi. Atlarımız yavaş-yavaş gedirdi. Bir anlıq arxaya baxdıq ki, maşinist yoxdur. Dərhal atlarımızı dayandırdıq, ətrafa göz gəzdirdik. Birdən gördük ki, maşinist atın yəhərini belinə alıb yavaş-yavaş piyada gəlir. Maşinistin atı hara yoxa çıxdı deyə maraqlandıq, dərhal jandarmların ikisi atlarını maşinistin yanına çapdılar və onu götürüb gəldilər.
Atına nə olduğunu soruşduğumuz zaman maşinist vəziyyəti belə izah etdi: “Mən çox yorulduğum üçün atın üzərində yatdım, birdən-birə yəhərlə bərabər atın üzərindən yerə yuvarlandım. At da qaçdı. Mən də yəhəri belimə alaraq yavaş-yavaş arxanızca gəlməyə qərar verdim”.
“Yaxşı, madam ki, yıxıldın, at da qaçdı, niyə səslənərək bizə xəbər vermədin?”
Bu suala maşinist cavab vermədi, fəqət bəlli idi ki, qorxusundan səslənməyib. Maşinistin atını jandarmlar taparaq yenə yəhəri üzərinə qoydular və “min” dedilər. Maşinist “mən minmək istəmirəm, yavaş-yavaş piyada gələrəm” dedi. Jandarm zabiti maşinistin ata minməyinin vacib olduğunu mədəni şəkildə təkrarladı. Maşinist dərhal atına mindi. Yenə yolumuza davam etdik.
İndi isə dəyərli qandaşlarıma İran şahlığının idarəçiliyi altındakı türklərə edilən, bir günün içində gözümlə gördüyüm rəftarı ərz etmək istəyirəm. Bu torpağa ayaq basan hər hansı bir fərdin bu rəftarı görməməsinə imkan yoxdur.
Təyyarəmiz İran torpağına məcburi eniş etdikdən sonra dediyim kimi, hər tərəfdən yüzlərlə kəndli ətrafımıza toplandı. Bu kəndlilərin arasında olan 19-20 yaşlarında bir dəliqanlı əlindəki zopa ilə qarşısına çıxan kəndlinin ayaqlarına, çiyninə, başına vururdu. Hətta bəzi kəndlilərin burunlarından, ağzılarından qan fışqırırdı. Ətrafdakı digər kəndlilər bu vəziyyəti normal hal kimi gördükləri üçün səslərini çıxarmırdılar. Biz İslam və Türk məmləkətində edilən bu hərəkətə təəccüblənmişdik. Özümüzü sanki Afrikanın vəhşi insanları arasında hiss edirdik. Bu dəliqanlı bizi gördükcə sanki böyük bir məharət göstərirmiş kimi fərəhlənir, daha şiddətlə zavallı kəndliləri döyürdü. Əətrafımızda olan bir neçə kəndlidən bu dəliqanlının kim olduğunu, zavallı kəndlilərə niyə zülm etdiyini soruşduq.
- Bu, bizim kənd muxtarının oğludur. Burada olan qanunlar belədir ki, kənd muxtarı və onun bütün nəvələrinin canları sıxıldığı zaman min bir yalan və bəhanə ilə bizləri istədikləri qədər döyüb əzə bilirlər. Kiməsə şikayət etməyimizə imkan yoxdur. Əgər bir kəndli şikayət etmək istəyərsə, heç kimin xəbəri olmadan onu kənd muxtarı öz zopasının altında öldürür.
- Yaxşı, bu kənd muxtarı türk deyilmi?
- Bəli, türkdür, fəqət fars siyasətinə alət olmaqdadır.
Kəndlilərin bu sözləri qəlbimizi ox kimi dəldi. Ah, böyük Yaradan, nələr düşünürdük, nələrə ümid edirdik, nə ağrılı mənzərələrlə qarşılaşdıq.
Qaçdığımız torpaqda da, müsəlman və qardaş bildiyimiz İranda da türkə həyat yoxdu.
Bu ağrılı təcrübələr bizə göstərir ki, türkün həyatı ancaq türkdən doğacaq, türkün günəşi ancaq türkdən parıldayacaq. Ətrafımıza toplanan bu zavallı kəndlilər ağrılı dərdlərini bizə danışmağa başladılar. İztirablarını bizə danışmaqla sanki qəlbləri təsəlli tapırdı. Bizim türk olduğumuzu duyduqları zaman sevinclərindən bizə necə yaxşılıq edəcəklərinə də çaşmışdılar. Təmiz ürəkli bu kəndlilərin hamısının üzündən nur yağırdı.
Dövlət məmurlarından biri yanımıza yaxınlaşdığında bu zavallı kəndlilər qorxularından danışmadılar. Biz Təbrizə hərəkət etdiyimiz zaman bütün kəndli kişilər küçələrə, qadınlar və uşaqlar isə damların üstünə çıxaraq böyük sevinclə “uğurlar olsun” deyərək yola saldılar.
Gördüyümüz ikinci ağrılı mənzərə belə idi: “Biz Təbrizə hərəkət etdiyimiz, kənddən bir kilometrə qədər uzaqlaşdıqdan sonra geriyə baxarkən palçığa bata-bata arxamızdan dörd kəndlinin qaçdığını gördük. Əvvəlcə “hər halda bizə deyəcək sözləri vardır” deyə düşündük. Atlarımızı dayandırdıq, öndə gələn kəndli bizə yetişdi. “Nə olub” deyə soruşduq. “Heç bir şey, biz də Təbrizə gedirik. Siz Təbrizə çatdıqdan sonra atlarımızı götürüb geri dönəcəyik”. “Yaxşı, sizin Təbrizdə başqa işiniz varmı?” deyə soruşduq. “Xeyr” dedilər. Təkrarən soruşduq ki, “siz bu qədər uzun yolu atların arxasıncamı qaçacaqsınız?”. “Bəli” dedilər. “Bu qədər uzun yolu atların arxasınca qaçmayın, həlak olarsınız. Jandarmlar sabah geri dönəcəklər, o zaman sizin atlarınızı da gətirib sizlərə təslim edərlər” deyə rica etdik.
Bizimlə danışan kəndli hər halda yanımızda duran jandarmdan qorxduğu üçün heç bir söz söyləmirdi. Fəqət arxadan gələn bir kəndli bizə çatan kimi dedi ki, “ağalar, doğru olan budur ki, siz Təbrizdə atlardan enərkən yanınızda olsaq, o zaman, bəlkə, atlarımıza sahib ola bilərik. Fəqət bir saat sizdən sonra Təbrizə gəlsək, bir daha atlarımızı almağımıza imkan yoxdur. Siz atlardan enər-enməz gördüyünüz bu zabit atlarımızı sataraq pulunu öz cibinə qoyacaq. Ona görə də nə olursa-olsun, biz bu uzun yolu atlarımızın arxasından qaçmalıyıq”. Zavallı kəndli sözlərini bitirməmişdi ki, jandarm əlindəki qamçıyla bir neçə dəfə kəndlinin başına vurdu.
Bu mərhəmətsiz jandarmlar, kənd muxtarlarının hamısı türkdürlər. Fəqət yazıqlar olsun ki, başqalarının irqimiz üçün məşum siyasətinin biri də budur ki, türkləri hər zaman türklərə əzdirirlər.
Biz yenə yolumuza davam edirdik. Zavallı kəndlilər də qışın bu soyuq havasında üzərlərində paltar, ayaqlarında ayaqqabı olmadan palçıq içində atların arxasından qaçırdılar.
Günortadan bir saat keçmişdi. Qarşımıza çıxan bir kənddə atlarımızdan endik, yuyunduqdan sonra bizə yemək gətirdilər. Yeməkdən sonra hər kəs istirahətə çəkildi. Bizimlə gələn jandarm zabiti türkcə bilmədiyi üçün bizimlə daim tərcüman vasitəsilə danışırdı. Gecəni bu kənddə keçirdik. Ertəsi gün erkəndən qalxdıq, qəlyanaltı etdikdən sonra atlarımıza minərək yolumuza davam etdik. Çox yavaş-yavaş gedirdik. Bu gün atlarının arxasından qaçan kəndlilərdən bir iz yoxdu. “Görəsən, kəndlilərə nə oldu” deyə düşündüm. Yanımızdakı jandarmdan soruşdum. “Bilmirəm” dedi.
Nəhayət, günortaya yaxın Təbriz şəhərinə çatdıq. Şəhərə girəndə gördük ki, hər kəs damların üstündən, küçələrdən bizi seyr edir. Biz Təbrizə çatmadan bütün Təbriz əhalisi sanki gəldiyimizi bilirdi.
Yarım saat şəhərin içində atla getdikdən sonra Əmniyyət müdirliyinin qapısında dayandıq. Atlardan enən kimi atların sahibləri olan kəndliləri burada gördük. Dərhal hər kəs öz atının başından tutaraq bir kənara çəkdi. Onlardan “nə zaman gəldiniz” deyə soruşduq. “Biz bu gecə atlarımız əlimizdən çıxmasın deyə istirahət etmədik, bütün gecə piyada buraya qədər gəldik” dedilər.
Bizi bir otağa apardılar. Mənim xəstəliyim yenə şiddətlənmişdi. Bədənim atəş içində yanırdı. Çünki vətənimizdən hərəkət etmədən bir həftə əvvəl gözlərimi aça bilməyəcək qədər xəstə idim, yataqda yatırdım. Bu işə başladığımız zaman dostlarım məni zorla yataqdan qaldırdılar. Xəstə olduğum halda yola çıxdım. İndi də beş gündən bəri çəkdiyimiz narahatlıqdan sonra yenə tamam xəstə olmuşdum. Mən dərhal yatdım. Neçə saat yatdığımı bilmirəm, gözlərimi açanda hava qaranlıqdı. Bizi Əmniyyət müdirinin otağına apardılar. Otağa girən kimi bir neçə yüksək rütbəli zabit və yüksək rütbəli əmniyyət məmuru bizi salamladı, “xoş gəldiniz” dedilər, oturmaq üçün yer göstərdilər.
Əyləşdik. 15 dəqiqəlik ümumi söhbətdən sonra bizə ayrı-ayrı oturmaq üçün masa göstərdilər. Əyləşdik. Sonra hamımızın önünə bir kağız vərəqi qoydular və dedilər: “İndi ayrı-ayrı hər kəs öz fikrini bu kağıza yazsın, görək bura niyə gəldiniz, məqsədiniz nədir. Kağızların altına da qol çəkərsiniz”.
“Yaxşı” deyərək yazmağa başladıq. Mən eynilə bu sətirlərlə fikrimi belə izah etdim:
Davamı var...