13 Dekabr 2017 16:03
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aquadok” adlı dərman qeydiyyatdan keçməyib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mətbuat xidmətinin rəhbəri Esmira Əkbərova deyib.

Onun sözlərinə görə, dərmanlar ölkəyə Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçdikdən sonra idxal olunur: “Amma həmin dərmanın saxta olduğunu da iddia etmək olmaz. Sadəcə, onu deyə bilərəm ki, biz həmin dərmanın idxalına icazə verməmişik”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Analitik Ekspertiza Mərkəzinin qeydiyyatından keçməyən dərman satıla bilməz.

Respublika Sanitariya-Karantin Müfəttişliyin mətbuat xidmətinin rəhbəri Yadulla Balışov bildirib ki, “Aquadok” dərman deyil:

“O gigiyenik vasitədir, dərman preparatı deyil. Fransanın YESLAB şirkətinin istehsalıdır. Müayinələrin nəticələrinə görə normativlərə cavab verdiyi üçün gigiyenik vasitə kimi dövlət gigiyena qeydiyyatına alınıb”.

Qeyd edək ki, Kamal Heydərov adlı şəxs sosial şəbəkədə apteklərdə satılan və Fransa istehsalı olduğu bildirilən “Aquadok” dərmanının saxta olduğunu yazıb: “Aptekdən uşaqlara burun üçün sprey “Aqualor” alıram. Satıcı deyir “Aqualor” yoxdur, gəl “Aquadok” verim. Deyir, Fransanındır bu, yaxşıdır. Üstünə baxıram “Made in France”. Üstündə sayt da var: www.aquadok.com. Evdə baxıram, dərmandan gözüm su içmir. Sayta girirəm, sayt açılmır. GoDaddy hostinqdə axtarış verirəm saytı, registrasiya edənin adı İlqar İsgəndərli. Bu da sənə “made in France”. Çinin hansısa kəndində dərman düzəltdirib, “Aqualor”a oxşadıb, dizaynını, adını satıcıya, həkimə verib, 10 manata satdırırlar, içində isə adi duzlu su”.


Müəllif: Şəfiqə