14 Dekabr 2017 08:42
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda fındıq bağlarına böyük ziyan vuran mərmər taxtabiti dünyanın bir çox ölkələrində ciddi ziyanverici hesab olunur. Artıq, Türkiyədə və Gürcüstanda həmin həşəratlar qeydə alınıb.

Bu ziyanvericinin ölkəmizə təhlükə törədib-törətməməsi barədə Teleqraf.com-un sorğusuna cavabda Dövlət Fitosanitar Nəzarət Xidmətindən bildiriblər ki, xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığının (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub.

Az sonra zərərvericinin Gürcüstan Respublikasının müxtəlif ərazilərində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurduğu aşkar olunub: “2016-cı ildə aparılmış müşahidələr zamanı bu zərərvericilərin Rusiyanin Qara dəniz sahillərində və Abxaziyada meyvə bağlarına ciddi zərər vurduğu, meyvələri yararsız hala saldığı müəyyən edilib. Mərmər bağacığının Abxaziyanın Qulripşski və Süxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi ziyan dəyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyi tövsiyə edir. Bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçiblər və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə mütamadi müşahidə və maarifləndirmə tədbirləri aparılır”.

Qeyd edək ki, mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq onlara ciddi zərər vurmaq qabiliyyətinə malikdir.

Ziyanverici alma və armud ağaclarında nekroz əmələ gətirir, meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dovrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.

Zərərverici ilə mübarizə zamanı kimyəvi üsullardan istifadə tövsiyə edilir və bu ən səmərəli mübarizə tədbirləri sayılır.

Bu günlərdə mərmər bağacığının Azərbaycanda kənd təsərürfatına, o cümlədən fındıq bağlarına təhlükə törətdiyi barədə məlumatlar yayılmışdı.


Müəllif: Şəfiqə