15 Dekabr 2017 11:04
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğu şəhid qızını vuraraq öldürən sürücünün həbsdən buraxılması barədə məlumatları təkzib edib.

Bakı şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apelyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyalar dərc edilib: “Həmin məlumat həqiqəti əks etdirmədiyindən Bakı şəhər prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur”.

Belə ki, qeyd edilən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apelyasiya Məhkəməsində baxılmış və həbs qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb.

Bildirilir ki, həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar hər hansı məhkəmə iclası keçirilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına son qoyulması dəfələrlə KİV nümayəndələrindən tələb edilsə də, hazırkı vaxtadək bu tələbə bəzi KİV-lərin əməl etməməsi təəssüf doğurur.

Qeyd edək ki, 3 uşaq anası olan Könül Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında "Cip" markalı, 90 FO 007 nömrə nişanlı avtomobil vurub. Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.

Avtomobili idarə edən və şəhid qızının ölümünə səbəb olan şəxsin iş adamı Akif Rəhimovun oğlu ­- 17 yaşlı Rəhim Rəhimov olduğu deyilir. Məlumata görə, R.Rəhimlinin atası Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir.

Qeyd edək ki, Akif Rəhimov iki dəfə deputatlığa namizədliyini irəli sürüb. O, 50 saylı Abşeron-Qobustan seçki dairəsindən seçkilərə iki həftə qalmış namizədliyini geri götürüb.

Xatırladaq ki, bəzi KİV-də Rəhim Rəhimovun həbsdən buraxılması barədə məlumatlar yayılmışdı.


Müəllif: Hacı Zeynalov