16 Dekabr 2017 11:06
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III Məzun-Karyera Sərgisi keçirilib.

Teleqraf.com-un məlumatına görə, sərgidə 98 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 487 vakansiya üzrə iş yerlərini təklif edib. İlk dəfə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə və “Karyerada ilk addım” şüarı altında keçirilmiş sərgidə SOCAR, Azərsu ASC, Azərenerji, Azərişıq, Schneider Electric, Sumqayıt Texnologiya Parkı, Socar Polymer və digər dövlət və özəl şirkətlər iştirak edib. 2000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı III Məzun-Karyera Sərgisinin açılış mərasimində çıxış edərək universitetdə Məzun-Karyera sərgilərinin keçirilməsinin ənənə halı aldığını bildirib. III Məzun-Karyera Sərginin ilk dəfədir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə keçirildiyini qeyd edən rektor M.Babanlı bu dəfəki sərginin şirkətlərin və təqdim olunan vakansiyaların sayına görə əvvəlkilərdən daha geniş miqyaslı olduğunu bildirib.

Rektor artıq 2 ildir ki, ADNSU-da Məzun-Karyera Mərkəzinin fəaliyyət göstərdiyini və Mərkəzin sərginin təşkili ilə yanaşı yuxarı kurs tələbələri üçün işə düzəlməklə bağlı üzləşə biləcəkləri məsələlərlə bağlı müntəzəm təlimlər təşkil etdiyini qeyd edib.

M.Babanlı müəssisələrlə işin yüksək səviyədə təşkilinin universitet üçün prioritet məsələlərdən biri olduğunu söyləyib. O, şirkətləri tələbələrin istehsalat təcrübəsinin təşkili məsələsində ali məktəblə daha geniş əməkdaşlığa səsləyib. İnkişaf edən Azərbaycan iqtisadiyyatı və sənayesinin tələbatlarına cavab verən peşəkar kadr hazırlığı üçün ali məktəb-müəssisə formatında əməkdaşlığın həlledici amillərdən biri olduğunu qeyd edən rektor ADNSU-nun beynəlxalq standartlara cavab verən universitet olmağı hədəflədiyini bildirib.


Müəllif: Teleqraf.com