16 Dekabr 2017 21:10
3 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz nədənsə yadelli düşmənləri bir kənara qoyub öz içimizdə düşmən axtarırıq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında yazıçı-publisist, televiziya aparıcısı Həmid Herisçi millət vəkili Fazil Mustafanın Seyid Cəfər Pişəvəri və Şeyx Məhəmməd Xiyabani haqda ittihamlarını şərh edərkən deyib.

Herisçi bu tip məsələlərlə ciddi tarixçilərin məşğul olmasını daha doğru saydığını bildirib:
“Ümumiyyətlə, öz aramızda düşmən axtarmaq nəyə lazımdır ki? I Dünya müharibəsinin reallıqlarını bilməyən adamlar belə məsələlərə nahaq qoşulurlar. Bu məsələlərə daha ciddi tarixçilər, alimlər qoşulmalıdır. Onlar bilirmi o dövrdə nələr baş verib? Dünya müharibəsi gedirdi, amansız vəziyyət yaranmışdı. Milyonlarla insan qətlə yetirilirdi. Və o dövr haqqında belə asanlıqla danışmaq olmaz. Nahaq yerə bu adamlar o mövzuda danışırlar. Bu günün reallıqlarını müdafiə edən adamlar bu haqda danışmamalıdır. Bu cür diskussiyalar yersizdir. Çünki bu məsələyə naşı adamlar qarışıb. Onlar heç düşünüblərmi ki, Leninlər, Atatürklər, Nərimanovlar necə yarandılar və necə oldu ki, qalib gəldilər? Çünki yeni qüvvələrə, yeni təfəkkürə ehtiyac yaranmışdı. O dövrün əsas şüarı millətçilik deyildi. Lenin də bunu çox yaxşı başa düşürdü. Bəli, Paris də, London da millətçiliyi dəstəkləyirdi. Ancaq aşağı kütlələr buna qarşı idi. İstəyirdilər ki, sosial ədalət olsun, sosial təminatları olsun. Buna görə də milli fikri dəstəkləyənlər məğlub oldular. Onların yerinə isə Lenin, Atatürk, Trotski, Nərimanov gəldi. Və onların da içində Pişəvəri də, Xiyabani də var idi. Məqsədləri də Şərqdə inqilab etmək idi. Əslində, “Qızıl ordu” 1920-ci il aprelin 14-ündə Təbrizə girmək istəyirdi. Amma 2 həftə sonra Bakıda qırmızı bayraq qaldırdılar. Bunların hamısı düşünülmüş gizli layihə idi. Yəni bolşeviklərin Şərqə girməyi ilə əlaqədar layihə. Xainləri onların içində axtarmaq lazımdır. Görürəm ki, Pişəvərini, Xiyabanini kimlərsə xain çıxartmağa tələsir, daha başa düşmürlər ki, onların ideyaları başqa idi. Bir daha deyirəm ki, bu cür ciddi məsələləri ciddi tarixçilərlə araşdırmaq lazımdır. Belə müzakirələrdə ehtiyatlı olun. Pişəvərini, Xiyabanini düşmən çıxartmaq onlara nə verir axı? Bu, ancaq erməninin, farsın işinə yarayır”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa 1918-ci ildə Pişəvərini Nuru Paşa ordusu ilə Bakıya girərkən erməni cəlladlarından qisas aldığı vaxt ermənilərə qarşı törətdiyi vəhşilikdən yazmaqda, Xiyabanini isə 1918-ci ildə Güney Azərbaycanı erməni qətliamından xilas etməyə gəlmiş türk ordusuna qarşı ermənilərlə birlikdə hərəkət etməkdə günahlandırıb.

Mövzu polemikaya açıqdır. Məlumatlı tarixçilərimizin fikirlərinə yer verməyə hazırıq.


Müəllif: Xəzər Süleymanlı