17 Dekabr 2017 11:04
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Müdafiə Sənayesi Nazirliyinin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar. Bu da öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir.

Teleqraf.com xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov "17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü" ilə bağlı "Azərbaycan" qəzetində işıq üzü görən "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir" məqaləsində yazıb.

Y. Camalov bildirib ki, bunun nəticəsində müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb: "Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir. Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan hərbi məhsullar ixrac edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həcmi kooperasiya nəzərə alınmaqla 2,7 dəfə artıb".

Müdafiə sənayesi naziri qeyd edib ki, 2009-cu ildən dövlət başçısının tapşırığına əsasən ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq müdafiə sərgilərinə qatılan Müdafiə Sənayesi Nazirliyi sonuncu təmsil olunduğu, cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirib: "Bir sıra yeni məhsullar ziyarətçilərə ilk dəfə təqdim edilmiş və böyük maraqla qarşılanıb. Sərginin keçirildiyi günlərdə tədbirə qatılan digər ölkələrin nümayəndələri ilə gələn il Bakıda keçiriləcək “ADEX-2018” üçüncü beynəlxalq müdafiə sərgisində iştirakla bağlı razılaşmalar əldə olunub. Qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyi tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, böyük təcrübə toplayaraq Azərbaycanda 2014-cü və 2016-cı illərdə “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrildi. Azərbaycan iki dəfə beynəlxalq müdafiə sərgisinə evsahibliyi edib. Keçirilən sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi nümayiş etdirilib. Təşkil olunan sərgilərdə nümayiş etdirilmiş məmulatlar xarici və yerli nümayəndə heyətləri, eləcə də sadə xalq tərəfindən böyük maraqla qarşılanıb. 2014-cü ildə keçirilən “ADEX” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən 168 adda məmulat nümayiş etdirildiyi halda, 2016-cı ildə 260 adda məmulat nümayiş etdirilib. Sərginin keçirildiyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılıqlar əldə olunmuş, bir sıra layihələrin reallaşdırılması ilə bağlı fikir mübadilələri aparılıb. Eyni zamanda, məmulatların ixracı üzrə memorandum və niyyət protokolları imzalanıb. Hazırda 2018-ci ildə keçirilməsi nəzərdə tutulan “ADEX” III Beynəlxalq müdafiə sərgisinin 2014 və 2016-cı illərdə keçirilmiş sərgilərdən daha da yüksək səviyyədə təşkil olunması üçün hazırlıq işləri aparılır".


Müəllif: Samir