18 Dekabr 2017 10:52
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə sınaq imtahanı keçiriləcək.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 22 dekabr saat 17:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 23 dekabr 2017-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.


Müəllif: Şəfiqə