3 Avqust 2014 17:25
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hökuməti ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək niyyətindədir.

Nazirlər Kabinetindən verilən məlumata görə, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə qeyd olunub ki, ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarət gücləndirilməlidir, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olunmalıdır.

Baş Kollektiv Sazişdə vurğulanıb ki, əməyin ödənişinə sərf olunan vəsaitin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasına nail olunmalıdır, əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesi davam etdirilməlidir, ölkə üzrə orta əməkhaqqı miqdarından az maaş alanların sayını əhəmiyyətli dərəcədə aşağı salmaq məqsədi ilə təsirli tədbirlər həyata keçirilməlidir.

Sənəddə qeyd olunub ki, qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarət gücləndirilməlidir, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınması həyata keçirilməlidir, minimum istehlak səbətinin tərkibinə yenidən baxılmalıdır, işçilərə istifadə olunmamış əmək məzuniyyəti üçün kompensasiya ödənilməsinə nəzarət gücləndirilməlidir, müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqət artırılmalıdır, istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payını əks etdirən məlumatlar ətrafında məsləhətləşmələr apararaq, bu sahədə vahid siyasət müəyyən edilməlidir.


Müəllif: