3 Avqust 2014 21:27
2 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkinin bənzərsiz gözəlliyi tur-aksiya iştirakçılarını heyran edib.


ANS PRESS-in məlumatına görə, “Ölkəmizi tanıyaq” tur-aksiyasının Qubadan olan iştirakçıları respublikamızın şimal-qərb bölgəsinə ekskursiyanın üçüncü günü, avqustun 3-də Şəkinin qədim tarixi-memarlıq abidələri ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.



Quba məktəblilərinin Şəki ilə ilk tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlanıb. Sarayla tanışlıq tur iştirakçılarının böyük marağına səbəb olub. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Saray 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır.


Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları məktəblilərin böyük marağına səbəb olub. Şagirdlərin diqqətinə çatdırılıb ki, iki il əvvəl Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunub.



Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.



Tur-aksiya iştirakçıları sonra “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Rəşid bəy Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyində olublar. Məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır və nümayiş etdirilir.


XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da Quba məktəblilərinin ürəyincə olub. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarayda qalıb, ticarətlə məşğul olublar. Bildirilib ki, hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Hər il bu abidənin həyətində beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir.


Səfər proqramına uyğun olaraq aksiya iştirakçıları daha sonra XIX əsrə aid tarixi-memarlıq abidəsi Şəki Cümə məscidinə və burada fəaliyyət göstərən İslam Mədrəsəsinə baş çəkiblər.


Tur-aksiya iştirakçıları Fazıl kəndində yerləşən və eramızdan əvvəl II minilliyin ikinci yarısına, tunc dövrünə aid olan qədim yaşayış məskəni - Təpəbaşı nekropolu, “Əbədi sükut dünyası” labirinti ilə tanış olublar.



Şəkiyə səfərləri çərçivəsində Quba məktəbliləri Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.


Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, həyətindəki ilkin orta əsrlərə aid sərdabələr məktəblilərin böyük marağına səbəb olub.



Tur-aksiya iştirakçıları Şəki şəhərinin görməli yerləri ilə də yaxından tanış olublar. Qədim və müasir Şəki ilə tanışlıq Quba məktəblilərini heyran edib.






Müəllif: