4 Avqust 2014 14:34
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sosial xidmətlər sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün sosial reabilitasiya əhəmiyyətli yeni obyektlərin yaradılması istiqamətində müvafiq işlər aparılır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, hazırda nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Qobustan rayonunda isə Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur.

Həmin yeni sosial obyektlərin cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Qeyd olunan İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edilməsi məqsədinə xidmət edir. ƏƏSMN ölkənin ayrı-ayrı regionlarında da belə obyektlərin yaradılmasını nəzərdə tutur. Nazirlik tərəfindən Gəncə, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında da yetkinlik yaşına çatmayanlar üçün hər biri 30 yerlik ixtisaslaşmış reabilitasiya mərkəzlərinin və 25 yerlik sosial sığınacaqların tikilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanaraq müvafiq ekspertizadan keçib.

Növbəti ilin dövlət investisiya proqramı layihəsi ilə bağlı hazırlanan təkliflər sırasında həmin obyektlərin inşası da yer alacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə təsdiqlənmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nə əsasən, müəyyən yaşayış yeri olmayan şəxslərə stasionar şəraitdə sosial xidmətlər göstərilməsi nəzərdə tutulur. Cəmiyyətin ehtiyaclarına uyğun olaraq, ƏƏSMN belə sosial sığınacaqların xidmətlərinin daha yuxarı yaş qruplarında olan, müəyyən yaşayış yeri olmayan və çətin həyat şəraitində yaşayan şəxsləri də əhatə etməklə genişləndirilməsi niyyətindədir.

Naibə


Müəllif: