12 Yanvar 2018 12:39
3 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə qaydalar, elə təkliflər olmalıdır ki, dildəki dolaşıqlıqlar aradan qalxsın. Əgər bu qaydalar dildəki dolaşıqlığı daha da dərinləşdirəcəksə, tələsik, əsassız təkliflər irəli sürülməməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, hazırda bütün dünya dillərində də yazı ilə tələffüzü yaxınlaşdırma meyli var:

“Azərbaycan dilinin yazılışına dair qaydalar sistemi olmalıdır. Hər şey bu qaydaların və sistemin üzərindən öz həllini tapmalıdır. Detallar çoxdur. Bura hərf dəyişməsi də, səsin qrafik işarəsi məsələsi də daxildir. Orfoqrafiyanın çox ciddi elmi əsasları olmalıdır. Hesab edirəm ki, yeni təkliflər ümumilikdə nəzərdən keçirilməlidir. Məsələn, biri “əsgər” yazır, biri “əskər”. Dilin qaydalarında belə hallar mümkündür. Hal-hazırda bütün dünya dillərində də yazı ilə tələffüzü yaxınlaşdırma meyli var. İndi bilmirəm, Orfoqrafiya Komissiyasının təklifləri də bu məntiqə əsaslanır, yoxsa hansısa vəzifəli şəxsin istəyidir ki, gələcəkdə filan şeyi orfoqrafiyaya mən gətirmişəm desin. Elə qaydalar, elə təkliflər olmalıdır ki, dildəki dolaşıqlıqlar aradan qalxsın. Əgər bu qaydalar dildəki dolaşıqlığı daha da dərinləşdirəcəksə tələsik, əsassız təkliflər irəli sürülməməlidir”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması təklif olunub (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s).


Müəllif: Xəzər Süleymanlı