12 Yanvar 2018 19:22
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sonunda Azərbaycanın informasiya məkanı ilə bağlı maraqlı bir xəbər açıqlandı.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

Onun sözlərinə görə, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkel TV MMC-yə ümumrespublika televiziya yayımı üçün lisenziya verib: “Bu TV-nin ixtisaslaşmış olacağı, yəni bütünlüklə xəbər, informasiya yayımı ilə məşğul olacağı bildirilirdi. Sonradan açıqlama verildi ki, yayımlanacaq kanal Türkel TV MMC-yə məxsus ARB 24 kanalı olacaq. İndiyədək peyklə yayımlanırmış.

ARB 24 kanalı “Arb Media Qrup”un tərkibinə daxildir. Yeni efir tezliyində yayımın isə payızda gerçəkləşəcəyi gözlənilir. MTRŞ indiyədək yeni TV kanalın hansı tezlikdə yayımlanacağını açıqlamayıb. Güman ki, bu, elə ANS TV-nin tezliyi olacaq. İndiyədək dövlətə məxsus olan bu tezlik resursu heç bir quruma verilməyib”.

Osman Gündüz düşünür ki, informasiya təhlükəsiziliyinin mühüm əhəmiyyət kəsb etdiyi müasir dönəmdə ölkəmizin informasiya fəzasının gücləndirilməsi, dayanıqlı milli informasiya resurslarının yaradılması, dövlətə məxsus olan tezlik resurslarından səmərəli istifadə edilməsi istiqamətində atılan addımlar doğru yanaşmadır: “Fikrimcə, rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından da səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda bu prosesdə diqqət çəkən başqa bir məqam da var.

Bildiyim qədər uzun müddətdən bəri Azərbaycanın informasiya məkanına daixl olan APA TV və Xəzər TV də efir tezliyi almaq, daimi fəaliyyət göstərən TV xəbər resuru olaraq fəaliyyət göstərmək istəyirdi. Göründüyü kimi, MTRŞ-in elan etdiyi müsabiqədə başqa bir qurum qalib çıxdı”.


Müəllif: Şəfiqə