13 Yanvar 2018 08:43
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son həftədə iki nəfərin metroda intihar etməsinin xüsusi bir səbəbi yoxdur. Görünür, metro həmin insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsi olub.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Uşaq və Ailə Mərkəzinin rəhbəri, psixoloq Kəmalə Baxış deyib.

Psixoloqun sözlərinə görə, həmin insanlar başqa nəqliyyatdan istifadə etsəydilər, metroda intihar ağıllarına da gəlməzdi:

“İntiharların başlıca səbəbi insanın çıxılmaz vəziyyətə düşməsi və sıxıntı yaşamasıdır. Suallarına cavab tapmayan adam düşünmür ki, intiharı harada edəcək, bu kimə necə təsir göstərəcək, onu kim görəcək... Bu, şou xarakterli, kiminsə diqqətini çəkməyə yönəlmiş hadisə deyil.

Şou-intihar cəhdləri isə insanların çox olduğu yerdə onların diqqətini çəkmək məqsədi daşıyır. Məsələn, kimsə Qız Qalasından tullanar, körpüyə qalxıb oradan atılar, yaxud buna cəhd edərsə, bu, şou nümayişidir.

Metronun, maşının, qatarın altına atılmaqla müşayiət olunan intiharlar şou deyil. Belələri şəxsi problem yaşayan insanlardır. Əgər o, psixi xəstədirsə, daha qəliz seçim edir. Yəni bir neçə üsuldan istifadə edə bilər. Ən çətin intihar üsulu özünü yandırmaqdır ki, bu da şou xarakterli intihar hesab olunur. Ondan daha çox ictimai etirazlar zamanı istifadə olunur”.

Qeyd edək ki, yanvarın 8-də 1995-ci il təvəllüdlü Rəşad Mustafazadə “Ulduz” stansiyasına özünü qatarın altına ataraq, intihar edib. İkinci hadisə isə yanvarın 12-si metronun “Qara Qarayev” stansiyasında qeydə alınıb. 1971-ci il təvəllüdlü Cəmil Cəmilov metroda özünü qatarın qarşısına atıb. O, xəstəxanada vəfat edib.


Müəllif: Şəfiqə Nazimqızı