15 Yanvar 2018 15:19
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Enerji içkilərinin sağlamlığa olan zərərləri, istehlakının məhdudlaşdırılması və bu sahədə tənzimləmənin əhəmiyyəti vacib müzakirə mövzularında biridir. Bu mövzunu əhəmiyyətli edən səbəblərdən biri də məktəb yaşlı uşaqların əllərində bu içkilərin çox sayda müşahidə edilməsidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib.

O qeyd edib ki, enerji içkisinin vahid anlayışı olmasa da ümumi olaraq tərkibində əsas elementi kofein olan və digər enerji artıran maddələri cəmləşdirən içkilər başa düşülür:

“Bu içkilərin zərəri əsasən tərkibində olan kofeinlə əlaqələndirilir və ümumən sağlamlığa zərərli olması qəbul edilir. Bu səbəbdəndir ki, bir çox ölkələrdə bu məhsulların istehlakı qanun və ya qaydalarla tənzimlənir. Bu tənzimləmə eyni zamanda enerji içkilərinin reklamı və satışını da əhatə edir.

2004-cü ildə Avropa İttifaqında qəbul edilən tələblərə əsasən, 1 litrində 150 milliqram və daha artıq kofein olan enerji içkilərinin üzərində əlavə xəbərdarlıq yazısı yerləşdirilməlidir. 2014-cü ildən bu qayda daha da sərtləşdirilir və müəyyən edilir ki, 100 millilitrində 1 milliqram və daha artıq kofein olan enerji içkilərinin üzərində “Yüksək kofein tərkiblidir. Uşaqlara, hamilə və uşaq əmizdirən qadınlara tövsiyə olunmur” yazılmalıdır. Ancaq məhdudiyyətlər bununla da bitmir. Yüksək həcmdə kofein istehlakından qaynaqlanan problemlər enerji içkilərinin Danimarkada, Türkiyədə, Norveçdə, Uruqvayda, İslandiyada müəyyən şərtlər daxilində qadağan olunmasına səbəb olub. İsveçdə də enerji içkilərinin satışına məhdudiyyətlər tətbiq edilir və ümumiyyətlə, həmin məhsulların 15 yaşına çatmamış uşaqlara satışı tamamilə qadağan edilir. 2012-ci ildən Macarıstanda tərkibində yüksək kofein olan enerji içkilərinə “ictimai səhiyyə vergisi” (“public health tax”) tətbiq olunur”.

V.Hüseynov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərində enerji içkilərinin reklamı, yayılması və satışına qarşı aşağıdakı tədbirlərin görülməsi tövsiyə olunur:

1. Enerji içkilərinin tərkibində olan kofeinin icazə verilən son həddi müəyyənləşdirilsin;

2. Enerji içkilərinin tərkibində olan kofeinin uşaqların və yeniyetmələrin inkşafında zərərli təsirlərinin olması nəzərə alınaraq uşaqlara satışı məhdudlaşdırılsın;

3. Ailələr enerji içkilərinin zərərləri haqqında məlumatlandırılsın;

4. Enerji içkilərinin yaratdığı fəsadlar və zərərləri barədə geniş maarifləndirmə tədbirləri həyata keçirilsin.

Deputat bu tövsiyələrin hər bir istiqaməti üzrə tədbirlər görülməli olduğunu vurğulayıb.


Müəllif: Səxavət