15 Yanvar 2018 15:57
2 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il olduğu kimi əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin ayrıca sərəncam imzalayacağı gözlənilir.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2017-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən artırılması həyata keçiriləcək:

“Məlumat üçün bildirək ki, indeksləşdirmə ötən illərdən fərqli olaraq yeni mexanizmlə hesablanacaq. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan dəyişikliklərə əsasən əmək pensiyalarında “baza hissəsi” və “sığorta hissəsi” anlayışları aradan qalxıb. Ona görə də əvvəlki illərdən fərqli olaraq, əmək pensiyalarının yalnız sığorta hissəsi deyil, artıq bütün məbləği ölkə üzrə əmək haqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdiriləcək.

Bu dəyişiklik pensiyasının məbləği aşağı olanlar üçün xüsusilə məqsədəuyğundur. Məsələn, 200 manat pensiya məbləği əvvəllər 110 manat baza hissəsindən və 90 manat sığorta hissəsindən ibarət idi və indeksasiya yalnız sığorta hissəsinə tətbiq olunurdu. Deməli, 12,9 faiz illik inflyasiyaya görə artım cəmi 11,61 manat edəcəkdi. Yəni: (200-110)x12,9%.

Yeni qaydalara görə isə bütün məbləğə (200 manata) orta aylıq əmək haqqının artım sürəti, yəni 6,4%-lik artım tətbiq olunur və nəticədə pensiya 200x 6,4%=12,8 manat artır.

Göründüyü kimi, hətta inflyasiyanın tempinin orta aylıq əmək haqqının artım tempindən 2 dəfə çox olduğu şəraitdə belə yeni qayda aşağı məbləğdə (215 manatdan az) pensiya alanlar üçün effektivdir”.

Artımların nə vaxt ödəniləcəyinə gəldikdə isə, Elman Babayev qeyd edib ki, fevral ayının pensiyalarının ödənişi zamanı yanvar və fevral aylarındakı artımların birlikdə verilməsi nəzərdə tutulur.


Müəllif: İlhamə Əbülfət