15 Yanvar 2018 17:39
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dostlar, təəssüflər olsun ki, Kəramət Böyükçölün son məlum statusunu çox gec - bu gün gördüm. Keşkə, tez görsəydim, həmən sildirərdim, sözümdən çıxmazdı və gərəksiz, zərərli müzakirələr bu qədər uzanmazdı.

Bu sözləri Gündəlik Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızı sosial şəbəkədəki statusunda bildirib.

Aynur Camalqızı Kəramət Böyükçölün fikirləri ilə razı olmadığını vurğulayıb:

"Öncədən deyim ki, Kəramətin yazdıqlarının tamamilə əleyhinəyəm, bölüşmürəm, pisləyirəm. Yazmamalıydı. Amma nəzərə alın ki, bizim media qrupunda hər gün sosial şəbəkələrdə nə etdiyini, nə yazdığını izləməyin mümkünsüz olduğu qədər jurnalist çalışır. Mənim onların yazdıqlarını izləməyə fiziki imkanlarım çatmaz. Bu bir. İkincisi, mən hər işçinin işdən kənar etdiklərinə cavabdeh deyiləm. Elə bir rentgen aparatımız da yoxdur ki, nə düşündüklərini, nə yazdıqlarını öncədən öyrənə bilək. Sosial şəbəkələrdə hansısa lazımsız, ziyanlı bir fikir rastıma çaxanda dostcasına münasibətimi bildirirəm, rəyimə hörmət olunur və silinir. Bu qədər.

Amma indi baxıram ki, Kəramətin yazdıqlarını qəbul etməyənlər onun iş yerini və məni də olaya qatmağa düşük cəhd göstərirlər. Dostlar, əminəm ki, Kəramət bir kafedə kiminlə dalaşıb polisə düşsə, məni qınamazsız. Amma Feysbukda yazdığı statusa görə mən də hədəf seçilirəm. Niyə??? Hər kəsin öz fikirlərini ifadə etmək hüququ var. Və hər kəs özünü ifadə edir".

Aynur Camalqızı sosial şəbəkələrdə yalnız öz yazdıqlarına cavabdeh olduğunu bildirib:

"Öz fikirlərimə görə məsuliyyət daşıyıram. Amma baxıram, mənimlə işləmək, Teleqraf Media Qrupunda təmsil olunmaq istəyilə dəfələrlə müraciət etmiş bəzi həmkarlarımız da ağzının köpüyünü dağıda-dağıda məni ittiham edir. Oxuyub gülümsəyirəm...

Nəhayət, Xəlil Rza haqqında... Xəlil Rza bu xalqın və bu dövlətin dəyərlərindən biridir. Mən hələ uşaq idim. Atam danışırdı ki, Pedaqoji İnstitutda təhsil alarkən Xəlil Rza adlı müəllimləri varmış. Auditoriyada rusca danışan tələbələri cərimə edər, dərsdən çıxararmış. Sovetin asıb-kəsən vaxtından, Milli Azadlıq Hərəkatının hələ işartıları olmayan illərdən danışıram mən. Bizim evimizdə Xəlil Rza atamın danışdığı ən sevimli mövzulardan biri idi və mən ağlım kəsəndən o böyük şəxsiyyəti, yumruq boyda ürəyində Azərbaycanın Azadlıq Arzularını daşıyan o böyük insanı sevmişəm. Millətçiliyini, azərbaycançılığını, türkçülüyünü, insanpərvərliyini, ruhunu, qəlbini, işığını... sevərək böyümüşəm. Ona layiq olmadığı bir söz deyən, hesab edirəm ki, mənim inanclarımı, sevdiklərimi, dəyərlərimi, Atamı söyür. O kişinin böyüklüyü ondadır ki, oğlunu - ciyərparasını müharibədən, hətta atəşkəs dövründə hərbi xidmətdən gizlədənlərdən fərqli olaraq, Qarabağa göndərdi və Təbriz Qarabağ savaşında şəhid oldu. Şəhidin atasında səhv axtarmazlar, Kəramət! Şəhidin atasının əllərini, ayaqlarını, uyuduğu torpağı öpərlər... Allah Atam Xəlil Rzaya da, şəhid qardaşım Təbrizə də qəni-qəni rəhmət eləsin! Onların arzuları, xəyalları çin olsun!!!"

Qeyd edək ki, Kəramət Böyükçölün mərhum şair Xəlil Rza Ulutürklə bağlı yazdığı status sosial şəbəkədə böyük səs-küyə səbəb olub və narazılıq doğurub.


Müəllif: Teleqraf.com