16 Yanvar 2018 11:21
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.

Bunu Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrində Türkiyənin Mardin vilayətinin Boğaziyə kəndində toyuq və digər ev quşlarında quş qripinin aşkarlanması barədə məlumatlar yayılıb:

“Amma Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından və rəsmi Türkiyə orqanları tərəfindən bizə bu barədə məlumat daxil olmayıb. Rəsmi məlumatlar olmasa da, KİV-də yayılan bu məlumatlar diqqətdə saxlanılır və ərazi nəzarətdədir. Yəni, qeyd olunan bölgədən ölkəmizə diri quş, quş əti və quşçuluq məsulları gətirilmir. Hazırda quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir”.

Yolçu Xanvəli qeyd edib ki, bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, Azərbaycan ərazisində quş qripi ilə bağlı monitorinq keçirilib: “Ölkədə “quş qripi” təhlükəsi yoxdur. Bu xəstəlik qış mövsümü ilə əlaqəli olur. Rusiya və Türkiyədə bu xəstəlik var. Quş qripi ilə bağlı respublika ərazisində monitorinq aparılıb. Hazırda quş qripi xəstəliyinə görə epizootik vəziyyət sabitdir”.

Qeyd edək ki, Türkiyənin Boğaziyə bölgəsində quş qripi aşkarlanıb. 1000-dən çox toyuq məhv edilib.


Müəllif: İlhamə Əbülfət