16 Yanvar 2018 14:27
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:00

ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovla vida mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, mərasimi Təzəpir məscidində keçirilir.

Dəfndə mərhumun ailə üzvləri və tanınmış simalar iştirak edir.

Mərhumun nəvəsi Rüstəm Sadıxov bildirib ki, xalq artisti ürək əməliyyatından sonra vəfat edib. O, uzun sürən xəstəlikdən əziyyət çəkib:

"Özü istədi ki, Azərbaycanda dəfn olunsun. Vəsiyyəti bu idi. Biz də bu vəsiyyətinə əməl etdik. Hər zaman Azərbaycanı düşünürdü. Bakı ilə bağlı xeyli xatirəsi vardı. Bizə də danışırdı".

Rüstəm Sadıxov vida mərasiminə anası, dayısı və xalaları ilə birgə qatıldığını deyib.

Xalq artisti, kinorejissor, Eldar Quliyev bildirib ki, atası mərhumla dost olub:

"O mənim atamın ən yaxın dostlarından idi. Çingiz Sadıxov dahi Müslüm Maqomayevlə də çox yaxşı münasibətdə olub. Onun bizim musiqiyə gətirdiyi yeniliklər və göstərdiyi əvəzsiz xidmətlər heç vaxt unudulmayacaq".

Mərasimdə Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Nazir müavini Ədalət Vəliyev, nazirlik əməkadaşları, eləcə də bir sıra mədəniyyət xadimləri iştirak edir.

Vida mərasimi 14:00-da başa çatacaq.

***

Xalq artisti Çingiz Sadıxov Təzəpir məscidində keçirilən vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn edilib.

Fəxri Xiyabandakı mərasimdə dəfn komissiyasının üzvü Fatma Abdullazadə, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq artistləri Eldar Quliyev, Fərhad Bədəlbəyli, Murad Adıgözəlov iştirak edib. Mərhumun ruhuna dualar oxunub.

Qeyd edək ki, Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində, 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb. Çingiz Sadıxov Azərbaycanın Əməkdar Artisti və Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb. Prezident İlham Əliyevin göstərişi ilə cənazəsi Azərbaycana gətirilib. Mərhum II Fəxri Xiyabanda dəfn ediləcək.


Müəllif: Xəzər Süleymanlı