18 Yanvar 2018 00:13
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərəkətinin təşkili ilə bağlı təhlillər aparıb.

BNA-dan Teleqraf.com-a verilən məlumata görə, qeyd edilən küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyən edilib.

Küçədə müəyyən edilən nöqsanlar aşağıdakılardır:

Küçə boyunca yolun sağ və sol tərəfində iaşə obyektlərinin mövcud olması səbəbindən yol kənarında nəqliyyat vasitələri qanunsuz park edilir; 9 marşrut xəttinin keçməsinə baxmayaraq, küçə boyunca dayanacaq məntəqələri və yol nişanlama xətləri standartlara uyğun təşkil edilməyib; yolun asfalt-beton örtüyü yarasız vəziyyətdə olduğundan həmin ərazidə mütəmadi olaraq tıxac və insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir.

Sakit Qocayev küçəsində yol hərəkətinin səmərəli təşkili və təhlükəsizliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi məqsədilə sözügedən küçədə yol nişanlanma xətlərinin çəkilməsi, çatışmayan yol nişanlarının quraşdırılması, Şamil Kamilov küçəsi ilə kəsişmədə yeni svetofor obyektlərinin quraşdırılması (buna uyğun olaraq svetofor fazalarının müəyyən edilməsi), piyada keçidləri, pandusların və avtobus dayanacaq məntəqələrinin standartlara uyğun quraşdırılması barədə təkliflər hazırlanıb.


Müəllif: Şəfiqə