18 Yanvar 2018 15:35
2 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq səliqəli partamız, isti və işıqlı otağımız, tənəffüslərdə oynaya biləcəyimiz geniş həyəti olan məktəbimiz var...

Bu sözləri Quba rayonunun Çağacıq kəndində yenicə tikilib istifadəyə verilmiş modul tipli ibtidai məktəbin şagirdləri deyir.

İsti və işıqlı məktəbdə təhsil aldıqları üçün hər birinin üzündəki sevinc işartısını görməmək mümkün deyil.

Xatırladaq ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Quba rayonunun Çağacıq kəndində modul tipli ibtidai məktəbə baş çəkiblər.

Onu da qeyd edək ki, modul tipli məktəblərin üstünlüyü onların az məsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

“17 şagirdin təhsil almasına baxmayaraq...”

Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev deyir ki, rayonda 135 ümumtəhsil məktəbi fəaliyyət göstərir: “Onlardan 27-si ibtidai, 43-ü ümumi orta, 65-i tam orta məktəbdir. 2017- 2018-ci tədris ili üzrə Ərməki kəndində tam orta, Çartəpə və İsonov kəndlərində ümumi orta, Çağacıq kənində isə ibtidai modul məktəb tikilib istifdəyə verilib”.

Rüfət Hacıyevin sözlərinə görə, yaxın günlərdə Kürgün kəndində də modul tipli ümumi orta məktəbin tikilişi başa çatacaq: “2018-ci ildə rayon təhsil şöbəsi tərəfindən Təhsil Nazirliyinə verilmiş sifariş əsasında 6 modul tipli məktəbin tikintisi gözlənilir. Bu məktəblər Dərk, Qarxun, Zıxır, Qıraqlı-Cəkli, Carxacu kənd ümumi orta mətkəbləri və Alıc kənd ibtidai məktəbidir. Bu məktəblər coğrafi və relyef baxımından dağlıq ərazilərdə yerləşir. Dağlıq kəndlərdə ibtidai və ya ümumi orta məktəbləri bitirən şagirdlər yaxın məsafədə olan kəndlərdə təhsillərini davam etdirə bilirlər.

Lakin elə kəndlərimiz də var ki, ümumi orta təhsili bitirəndən sonra şagirdlərin tam orta təhsil almasında böyük çətinlik yaşanır. Quba rayon mərkəzindən 70 kilometr aralıqda yerləşən Mucu, Çarxaçu, Qarxun, Söhüb, Zeyid kəndlərindəki ümumi orta məktəblərimizi misal gətirə bilərəm. O kəndlərdə oxuyan şagirdlərimiz təhsili davam etdirmək üçün ya rayon mərkəzinə gedib-gəlir, ya da yaxın qohumlarının evində qalırlar. Təhsil almaq üçün ailəlikcə rayonda ev kiraləyib qalanlar da olur. Hardasa 70-80 faiz uşaqlar təhsilini davam etdirirlər.

Dağ kəndlərimizdə əsasən ümumi orta təhsil verilir. Qubada ən az şagirdi olan məktəbimiz Mütəh kənd ümumi orta məktəbidir. Dağlıq ərazidə yerləşən bu məktəbdə cəmi 17 şagirdin təhsil almasına baxmayaraq, həmin məktəb ümumi orta məktəb statusunu qoruyub saxlayır”.

Rüfət Hacıyev deyir ki, işə təzə qəbul olunan müəllimlərdən 15-25 faizi yerli kadrlardır, qalanları isə respublikanın müxtəlif yerlərindən gəlib: “Ucqar kəndlərimizdə çalışan müəllimlərimiz də var. Xınalıq, Zeyid kimi kəndlərimizdə gənc müəllimlər tərəddüd etmədən çalışırlar. Amma hələ də dağlıq ərazidə yerləşən məktəblərin müəllimə ehtiyacı var”.

İki otaqdan ibarət məktəb

Çağacıq kənd ibtidai məktəbinin direktoru Fabil Ağayev bildirilir ki, hazırda məktəbdə 52 şagird təhsil alır: “Onlardan 27-si qız, 25-i oğlandır. Məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıq və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. Ümumilikdə 56 şagird yerlik məktəb 5 sinif, 1 müəllimlər otağından ibarətdir.

Köhnə məktəb binası iki otaqdan ibarət idi və çox darısqal idi. Magistral yola yaxın yerləşməsi uşaqların həyatı üçün təhlükə yaradırdı. Şagirdlərimiz istiliyi və işığı olmayan qaranlıq sinif otaqlarında dərs keçirdilər. İndiki məktəb isə əhalinin daha sıx yaşadığı əraziyə yaxın tikilib. Yeni məktəb genişliyi, işıqlılığı ilə yanaşı, həm də istilik sistemi ilə təhciz olunub”.

Məktəb direktorunun sözlərinə görə, məktəbin müəllimləri imtahanlarda 80 faizdən yüksək nəticə göstəriblər: “Bu səbəbdən məktəbdə zəif şagird yoxdur. Məktəbimiz iki fənn - Riyaziyyat və Azərbaycan dili üzrə ixtisaslaşıb. Şagirdlər ibtidai sinfi burada bitirdikdən sonra Talıbqışlaq və ya Paşaoba kənd tam orta məktəbində təhsillərini davam etdirirlər.

Şagirdlərin hamısı təhsilini davam etdirir. Şagird sayı artarsa, məktəbin 9 illik olması da mümkündür. Hazırda xarici dil müəllimimiz yoxdur. Növbəti tədris ilində qonşu məktəbdən ingilis dil müəllimi cəlb edəcəyik”.

Media nümayəndələrinə məlumat verilib ki, bu məktəbdə təhsil alan İsmət Ağayev 2015-ci ildə riyaziyyat üzrə respublika fənn olimpiadasında birinci yerə çıxıb.

Burada məktəbəqədər hazırlıqla bağlı 10 uşaq təhsil alır.Uşaqlar arasında oğlanlar üstünlük təşkil edir. Ötən il isə qız və oğlan sayı eyni olub.

Məktəbin 1-ci sinif müəllimi Afət Abdullayeva buraya təyinatla gəlib: “Artıq bir aydır bu sevinci yaşayırıq. Köhnə məktəbdə çox əziyyət çəkirdik. İstilik sistemi yox idi, şərait çox ağır idi. Şagirdlərimizin hər biri indi sevə-sevə dərsə gəlirlər. Davamiyyətimiz hər gün yaxşıdır. 1-ci sinifdə 11 şagird təhsil alır. Onlardan 3-ü qız, 8-i oğlandır ”.

Bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib və bu iş hazırda davam etdirilir.

Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.

2018-ci ildə də sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb.

Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.


Müəllif: İlhamə Əbülfət