18 Yanvar 2018 16:41
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər simasını sürətlə dəyişməkdə olan "Nərimanov" elektrik deposuna yeni bir park yolu açılacaq.

Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yaxın gələcəkdə burada "Thales" şirkətinin iştirakı ilə işarəvermə avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək.

Yeni sistemlərin qoşulması ilə dispetçer mərkəzləşmə məntəqəsi də tamamilə yeni əsaslarla qurulacaq. Lakin depo ərazisində hərəkətin təşkili və təhlükəsizliyin təmin edilməsi bununla tamamlanmayacaq.

Gələcəkdə park yolları tamamilə dəmir-beton konstruksiyalı şpallardan ibarət olacaq. Mərhələ-mərhələ bütün yollarda tətbiq ediləcək bu yeniliyin iqtisadi və təhlükəsizlik baxımından daha sərfəli olması, yollara qulluq həcminin minimuma endirilməsi və işçi qüvvəsindən daha səmərəli istifadə etməyə imkan verməsi ilə seçilir.

Taxta nümunələri ilə müqayisədə beton şpallar uzunömürlüdür və 50 il istismar müddətinə malikdir. Onlar həm də depo ərazisinin və yolların estetik görkəmini dəyişəcək.

Qeyd edək ki, 2016-cı ilin sonundan Bakı Metropoliteni QSC özünün dəmir-beton konstruksiyaları istehsalatı sahəsində dünyanın aparıcı müəssisələrindən olan "Vollert" şirkəti ilə sıx əməkdaşlıq şəraitində inşa edilmiş beton blokların istehsalı sexi fəaliyyətə başlayıb.

Bu tip şpallar "Nərimanov" elektrik deposunda hazırda inşası davam edən sınaq yolunda pilot layihə kimi uğurla tətbiq edilib. Gələcəkdə metropoliten tunellərində məhz bu beton bloklardan istifadə olunması nəzərdə tutulub.

Bu sahədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi şpalların tətbiqinin mümkünlüyü, metropolitenin istismar-texniki tələblərinə uyğunluğu öyrənilib. Nəticədə Ələt qəsəbəsində yerləşən və Avropanın bu sahədə aparıcı müəssisələri ilə əməkdaşlıq edən "Şpal zavodu"nun məhsulu daha münasib hesab edilib.

Metopolitenlə zavod arasında dəmir-beton konstruksiyalı şpallarla təchizatla bağlı müqavilə də artıq imzalanıb.

Bundan savayı, yoldəyişdiricilərin beton tirlər üzərində yerləşdirilməsi də gündəmdədir və məsələ araşdırılır. Bu tip tirlərin tətbiqi ilə qatarların yoldan çıxma ehtimalı, faktiki sıfır həddinə endiriləcək.


Müəllif: Şəfiqə