19 Yanvar 2018 11:23
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində işləyən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) – “Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək.

Dəyişikliyə səbəb 134 nömrəli marşrutun hərəkət sxemi ilə (Goradil (Fatmayı) bağları - “Azadlıq prospekti” metrostansiyası) 108 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin (“Azadlıq prospekti” metrostansiyasından Goradil qəsəbəsinə "Dəniz" marketə qədər) 76 faiz (29.68 km) üst-üstə düşməsidir.

Eyni səbəbdən 155 nömrəli marşrut xətti isə tamamilə ləvğ edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.

Yanvarın 21-dən etibarən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək. Elə həmin tarixdən 155 nömrəli marşrut xətti üzrə avtobusların fəaliyyəti də dayandırılacaq.


Müəllif: Şəfiqə