19 Yanvar 2018 23:38
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri Institutu “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik mutasiyalarının tədqiqi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqidir.

Layihənin icrasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri institutunun elmi işçiləri iştirak edirlər.

Layihə çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyətlər, o cümlədən, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar-genetik tədqiqi, ölkədə rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması, vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi, vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması nəzərdə tutulub.

Layihənin əsas elmi ideyası Azərbaycan ərazisində ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının genetik xüsusiyyətlərinin tədqiqi və dərmanlara davamlılıq formalaşmış ştamlarının genetik mutasiya xassələrinin öyrənilməsidir.

Tədqiqat müddətində aparılacaq laborator müayinələrin müqayisəli təhlili müxtəlif test sisteminin etibarlılıq və effektivliyini müəyyən etməyə imkan verəcək.


Müəllif: İlhamə Əbülfət