20 Yanvar 2018 14:36
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər şəhidlərin əziz xatirəsini yad ediblər

Dövlət Gömrük Komitəsinin əməkdaşları Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, komitənin kollektivi Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edib.

Gömrük əməkdaşları 20 Yanvar şəhidlərinin məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Qeyd edək ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Düz 28 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.


Müəllif: İlhamə Əbülfət