20 Yanvar 2018 22:59
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Latviyadakı səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin birgə təşkilatçılığı ilə 1990-cı ildə Bakıda və 1991-ci ildə Riqa şəhərində törədilmiş 20 Yanvar faciələrinin birgə anım tədbiri keçirilib.

Tədbir hər iki ölkədə eyni gündə baş verən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Latviya ictimaiyyəti və Azərbaycan icmasının tanınmış nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Bakıda törədilmiş 20 Yanvar faciəsinə aid sənədli film nümayiş etdirilib.

20 Yanvar hadisəsinin canlı şahidi olduğunu qeyd edən səfir Cavanşir Axundov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələrinin Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutduğunu və yüzlərlə insanı qətlə yetirdiyini söyləyib. Xüsusi qəddarlıqla törədilən bu cinayətin təfərrüatlarından bəhs edən səfir həlak olanlar arasında qadınlar, uşaqlar və qocaların da olduğunu bildirib. Qabaqcadan hazırlanmış bu təcavüz aktının Azərbaycan xalqının demokratiya, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını qeyd edən səfir başda Mixail Qarbaçov olmaqla bu cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb edilmədiyini bildirib.

Bir il sonra eyni hadisənin 20 yanvar tarixində Riqada baş verdiyini qeyd edən C.Axundov xalqlarımızın bu zamana qədər sovet ideologiyasına əsaslanan yalan və saxtakarlıqlarla dolu bir cəmiyyətdə yaşadığına bir daha əmin olduğunu qeyd edib. İki xalqın başına gələn bu qanlı hadisələrin sözlə ifadə edilməsinin mümkün olmadığını bildirın səfir 20 Yanvar faciələrinin hər iki xalqın tarixinin bir qəhrəmanlıq səhifəsi olduğunu bildirib.

Azərbaycanda törədilən bu qanlı hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini qeyd edən səfir deyib ki, faciədən bir gün sonra Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə tənqid edən bəyanatlarla çıxış edərək bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra isə Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Daha sonra çıxış edən Barrikada Muzeyinin direktoru Renars Zalais Azərbaycanda törədilən 20 Yanvar faciəsinin 1991-ci ildə Riqada baş verən hadisələr ilə oxşarlıq təşkil etdiyini bildirib. 20 Yanvar tarixinin hər iki xalqı birləşdirdiyini qeyd edən direktor bu tarixin hər iki ölkədə azadlıq və demokratiyanın müdafiəsi naminə həlak olanların xatirəsinin anım günü olduğunu söyləyib.

20 Yanvar tarixində eyni qoşun hissələri və hərbi texnikanın Riqa şəhərinə yeridildiyini qeyd edən R.Zalais bu cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb. Həmin gün Riqaya yeridilən sovet qoşun hissələrinin qabağını almaq üçün şəhərdə müxtəlif blok və barrikadaların qurulduğunu qeyd edən direktor bu barrikadaların qurulmasında həmin vaxt Riqada yaşayan çoxlu sayda azərbaycanlının da iştirak etdiyini deyib, Latviya xalqının azadlığı və müstəqilliyinə verilən dəstəyə görə bütün azərbaycanlılara öz təşəkkürünü bildirib.

Daha sonra çıxış edən “Ocaq” Azərbaycan diaspora cəmiyyətinin sədri, Latviya Respublikası Prezidenti yanında Milli Azlıqlar üzrə Komitənin sədri Roman Əliyev Bakıda törədilmiş Qanlı Yanvar faciəsinin Riqa şəhərində baş verən eyni hadisədən 1 il qabaq baş verməsinə baxmayaq, hər iki hadisənin Azərbaycan və Latviya xalqlarının müstəqillik və Sovet rejiminə qarşı mübarizəsini özündə təcəssüm etdirdiyini bildirib. Bu mübarizədə azərbaycanlıların latviyalıların yanında olduğunu, mitinq və barrikadalarda birgə iştirak etdiyini qeyd edən R.Əliyev bu gün müstəqilliyini qazanmış xalqlarımızın öz milli ənənələri və demokratik dəyərlərini inkişaf etdirdiyini diqqətə çatdırıb.

Sonra hər iki ölkədə baş vermiş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.


Müəllif: Teleqraf.com