22 Yanvar 2018 14:27
7 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Ağ Partiyanın sədri Tural Abbaslı ilə müsahibəni təqdim edir.

– Tural bəy, siz ali təhsilinizi başa vurdunuz, yoxsa yarımçıq qaldı?

– Məni ali məktəbin bakalavr pilləsini 2003-cü ildə jurnalistika üzrə başa vurmuşam. Uzun müddətdən sonra magistr pilləsində təhsil almaq qərarına gəldim. 2009-cu ildə imtahanlara qatıldım və Bakı Dövlət Universitetinin jurnalistika üzrə magistr pilləsini qazandım. 2011-ci ildə isə "Ərəb Baharının" təsiri ilə Bakıda başlayan etiraz aksiyalarının təşkilatçısı qismində həbs olunduğum üçün magistr pilləsini bitirməyimə iki imtahan qalmış universitetdən xaric olundum. Yəni magistr pilləsini bitirməyimə imkan vermədilər. Ancaq məhkəmə yolu ilə yenidən bərpa olunmaq niyyətindəyəm, inşallah.

– Nə üçün siyasi fəaliyyətə başladınız? Məqsədiniz, məramınız nə idi?

– Mən xaraktercə kiçik yaşlarımdan ambisiyalı və iddialı olmuşam. Yəqin xarakterim məni bu sahəyə gətirib. Həm də bizim ailə mən özümü anlayandan siyasi proseslərin içində olub. Hətta anam Müsavat Bərpa Qurultayının üzvü olub. Biz də ailənin övladları kimi qardaşlarımla özümüzü həmişə müsavatçı hesab etmişik. Yəni belə demək mümkündürsə, xarakteimlə ailəmdəki ortam məni siyasi arenaya gətirib.

Siyasətə gəlməkdə məqsədimiz isə hər zaman daha güclü, qüdrətli Azərbaycan, daha varlı və firavan vətəndaşlar görmək olub. Yəni mən hər zaman düşünmüşəm və bu gün də o fikirdəyəm ki, biz daha gözəl yaşama layiq xalqıq...

– Maraqlıdır, siyasi düşüncələrinizi, dünyagörüşünüzü daha da təkmilləşdirmək üçün hansı kitabları oxuyursunuz?

– Ümumiyyətlə, insan öz üzərində sona qədər çalışmalı, özünü daha da təkmilləşdirməyə çalışmalıdır. Mən vaxt tapdıqca müxtəlif bədii əsərlər, tarixi şəxslərin bioqrafiyalarını, müxtəlif tarixi hadisələr barədə yazılmış əsərləri və s. oxumağa çalışıram. Ancaq düşünmürəm ki, insanın dünyagörüşünün formalaşmasında mütaliə yeganə vasitədir. Sadəcə, mütaliə bu vasitələrdən biridir. İnsanın formalaşmasında, dünşüncələrinin və dünyagörüşünün təkmilləşməsində yaşadığı mühit, həyat tərzi, inancları, genetikası da önəmli rol oynayır. Yəni belə demək mümkündürsə, insanı həyat dediyimiz məktəbin özü yetişdirir və formalaşdırır. Mən də digər insanlar kimi bu məktəbdən öyrənirəm və düşünclərimi formalaşdırıram.

– Yəni istinad nöqtəniz həyatdır?

– Bəli, həyata və həyat təcrübəsinə istinad edirəm.

– Ağ Partiya Ədliyyə Nazirliyinin qeydiyyatından keçib?

– Əslində, bu partiya yeni yaradılmayıb. Bu partiya hələ 1993-cü ildə yaradılıb, elə həmin il Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Vahid Azərbaycan Partiyasıdır. Biz Müsavat Partiyasından ayrıldıqdan sonra hamımız demək olar ki, siyasi fəaliyyət göstərməyən və artıq xalq tərəfindən belə unudulmağa başlayan bu partiyaya üzv olduq. Sonra partiyanın nizamnaməsinə uyğun olaraq Vahid Azərbaycan Partiyasının növbəti qurultayını topadıq. Qurultayın qərarı ilə partiyanın sədri, nizamnaməsi və adı dəyişdirilərək AĞ Partiya edildi.

Yəni qısa desək, 1993-cü ildə zatən qeydiyyatdan keçmiş bir partiyayıq. Bu partiya bu gün Azərbaycan siyasi həyatının tamhüquqlu siyasi oyunçusudur. Burada qeydiyyatdan söhbət getmir, sadəcə olaraq, partiyanın adının qurultayın qərarına uyğun olaraq dövlət sənədlərində dəyişdirilməsi prosesindən gedir.

– Partiyanızın fəaliyyəti o qədər də nəzərə çarpmır. Nədənsə, bir o qədər inaml görünmürsünüz. İctmai rəydə özünü təsdiq eləyə bilmir. Səbəbini nədə görürsünüz?

– İzn verin sizin bi fikirlərinizlə razılaşmayım. Əvvala, onu qeyd edim ki, mən başqan seçildiyin son qurultaydan bu yana bir ildən bir az vaxt keçib. Əgər bir az araşdırsanız görərsiniz ki, Azərbaycanın indiki siyasi mühitində bu qədər vaxt hansısa partiya üçün o qədər də böyük zaman dilimi deyil. Bu müddət ərzində biz demək olar ki, müxalifət arenasındakı bütün köklü partiyalarla bərabərhüquqlu münasibətlər formalaşdırmışıq. İstər hakimiyyət, istərsə də müxalifət arenasının siyasi aktorları partiyamızı yeni siyasi aktor kimi qəbul edib. Həmçinin Azərbaycanın ən köklü və oxunaqlı mətbuatında kifayət qədər işıqlandırlırıq. Deyə bilərik ki, bu gün Azərbaycanda baş verən istənilən siyasi prosesdə bizim mövqeyimiz var və bu mövqe istər cəmiyyət, istər mətbuat, istərsə də siyasi oyunçular tərəfində maraqla qəbul olunur.

Sizin bizim fəaliyyəti görməməyinizin səbəbi isə bugünkü Azərbaycanın siyasi həyatında yaradılmış siyasi passivlikdir. Guya hansısa digər siyasi təşkilat bu mühitdə bizdən nə qədər artıq fəaliyyət göstərir və ya görünür? Bu gün bütün siyasi sfera düşünülmüş şəkildə passivləşdirilib. Odur ki, haradasa sizi də qınaya bilmirəm. Ancaq sonda onu qetd edim ki, əgər bu gün Azərbaycanın ən qalmaqallı bir jurnalisti, Azərbaycanın ən oxunaqlı bir mətbuat orqanı üçün Tural Abbaslıdan müsahibə alırsa, demək, vəziyyət sizin düşündüyünüz qədər də acınacaqlı deyil.

– Daha böyük hədəfləriniz yoxdurmu?

– Təbii ki, daha böyük hədəflərimiz var və biz bu hədəflərə doğru əzmlə irəliləyəcəyik. Azərbaycan xalqı və mətbuatı hələ haqqımızda çox eşidəcək. Yaxın gələcəkdə partiyamız Azərbaycanın əsas siyasi oyunçularından biri olacaq və bu bir neçə on illiklərlə yekunlaşmayacaq.

– Pənah Hüseyn də bir müsahibəsində sizin partiya haqqında çox inamsız danışmışdı. Hətta demişdi ki, gənclər – konkret sizi nəzərdə tutmuşdu – hələ 10-15 il də bizdən öyrənməlidirlər...

– Sözün düzü, Pənah bəyin bu müsahibəsini oxumamışam. Ancaq belə deyibsə də, burada qeyri-adi nəsə görmürəm. Bu yüz illərdən bəri gələn nəsillərarası münasibətlərin tipik nümunəsidir. Pənah bəydən nəyi deməyi gözləyirsiniz? Desin ki, biz artıq yaşlanmışıq və yerimizi daha gənc, enerjili və iddialı siyasilərə verməliyik? Təbii ki, o özünün də içində bulunduğu və nümayəndəsi olduğu siyasi nəsli tərifləyəcək, qorumağa çalışacaq. Ancaq bu o demək deyil ki, biz özümüzdən öncəki siyasilərin uğurlarını danırıq, onların siyasi təcrübələrini və birikimlərini dəyərsiz hesab edirik. Bizə də xoş və faydalı olar ki, onlar özlərinin siyasi qazanımlarını bizlərlə bölüşsün. Bu, həm də nəsillərarası siyasi davamlılığın qopmadan mülayim keçidini təmin edər. Təssüf olsun ki, belə bir ənənə formalaşdırmağı bacaran olmayıb. Bizlər bəzən bu davamsızlığın və nümunəsizliyin altını çəkirik. Nə qədər tez belə bir ortam formalaşsa, həm dövlət, həm də millət üçün daha faydalı olar.

– Partiya olaraq qarşıdan gələn prezident seçkiləri ilə bağlı hansı planlarınız var?

– Biz artıq növbəti prezident seçkilərində öz namizədimizlə çıxış edəcəyimiz barədə qərar vermişik. İnşallah, bu il mənm namizədliyimlə seçkilərə qatılaraq mübarizə aparacağıq. Artıq bu istiqamətdə bir müddətdir ki, partiyadaxili təşkilati, texniki işlər də aparırıq. Əsas məqsəd birinci mərhələdə namizədliyin qeydiyyata alınması üçün lazım olan 40 min imzanın toplanmasıdır. İndi əsas istiqamət budur. Biz çalışacağıq ki, həm partiya, həm də ayrı-ayrı siyasi funksionerlər qismində bu seçkilərdən maksimum dvidentlə ayrılaq.

– Yəqin eyni zamanda parlamanet seçkiləri ilə bağlı da planlarınız var...

– İlk növbətə prezident seçkiləri olduğu üçün hələlik növbəti parlament seçkilərindən danışmağı tez hesab edirəm. Ancaq onu deyə bilərəm ki, bizim hədəflərimizdən biri də parlament partiyası olmaqdır.

– Sizin haqqınızda belə bir fikir var ki, Tural Abbaslıya nə lazımdır? Partiya rəhbəri olsun, bir az da pul ayırsınlar, o da oturub müxalifətçiliyini eləsin.

– Əvvala, onu deyim ki, insanlar düşüncələrində azaddır və onların necə düşünməsi öz hüququdur. Onları bizim istədiyimiz kimi düşünməyə məcbur edə bilmərik. Odur ki, kim necə istəyir düşünə bilər, mənim üçün problem yoxdur. Əsas odur ki, biz öz fəaliyyətimizdə səmimi və prinsipial olaq və öz dəyərlərimizə xəyanət etməyək. Mənim üçün ən qorxulusu özümün özümə olan hörmətimin azalmasıdır, şükür ki, hələlik elə bir hal yoxdur. İnsanın öz dəyərləri və prinsipləri olmalıdır və həyatını o dəyərlər çərçivəsində yaşamalıdır.

– Bəs Müsavat Partiyasından ayrılıb yeni bir partiya yaratmaqda məqsəd nə idi ki?

– Müsavatdan ayrılıb yeni partiya yaratmaqdakı səbəb və məqsədlər ayrıdır. Belə ki, mətbuatda da geniş müzakirə olunduğu kimi, Müsavat Partiyasında sonuncu qurultaydan sonra vəziyyət pisə doğru kəskin dəyişdi. Partiyadaxili siyasi münasibətlər çox gərginləşdi və yeni seçilmiş başqan da bunlara nəzarət edə bilmədi. Əksinə, bu münasibətlərin daha da kəskinləşməsinə və ortamın daha da korlanmasına birbaşa təsir etdi.

Mən 18 yaşım tamam olan gündən Müsavat Partiyasının üzvü idim və partiyanın uğuruna görə əlimdən gələndən də artığını etmişəm. Mən oraya siyasi partiyadan çox öz ailəm kimi baxırdım. Ancaq təəssüf... Demək istədiyim odur ki, şüurlu həyatımın böyük bir hissəsini, ömrümün 16 ilini fəda etdiyin bir partiyadan ayrılmaq və hər şeyi sıfırdan başlamaq qərarı asan verilən qərarlardan deyil. Mənim üçün də asan olmadı. Ancaq biz qurultaydan sonra haradasa iki il partiyada qaldıq və orada fəaliyyətimizi davam etdirməyə çalışdıq, lakin imkan vermədilər. Yeni başqan əlindəki bütün imkanlardan istifadə edərək bizi partiya rəhbəliyindən və həyatından kənarda saxlamağa çalışdı. Bunun üçün hər şeyi etdi. Biz də düşündük ki, bizim siyasi mübarizəmizin məqsədi müxalifət partiyasının daxilində kimlərləsə mübarizə aparmaq deyil. Məqsədimiz iqtidarla siyasi mübarizə aparmaqdır. Müsavatda da bizə bu imkan yaradılmadı deyə, məcbur olduq ki, özümüzə yeni siyasi platforma quraq və mübarizəmizi bu platforma üzərindən davam etdirək. Qısa desək, məqsəd heç də haranınsa rəhbəri olmaq deyildi, məqsəd nəticəli siyasi mübarizə aparmaq idi.

– Tural bəy, əvvəllər daha emosional çıxışlar edirdiniz. Amma indi get-gedə təmkininiz artır. Bu nə ilə bağlıdır, partiya sədri olmağınız, yoxsa emosiyaların heç bir işə yaramadığını anlamaq?

– Zaman keçir, insanın yaşının üzərinə yaş gəlir, hər gün həyat insana yeni bir təcrübə yaşadır, qazanımlar əldə edirsən və təbii ki, dəyişirsən. Həm hər yaşın öz təbii xarakteri var. Gənclik daha emosional, daha radikal və maksimalizm tələb edir. Olğunluq yaşı başqa, ahıllıq başqa, yaşlılıq başqa, yəni hər yaşın öz tələbi və xarakteri var. Məncə, insan hər yaşda o yaşa uyğun yaşayıb fəaliyyət göstərməlidir. Necə ki gəncin özünü yaşlı aparması qeyri-təbii və süni görünər, olğun insanın da özünü yeniyetmə gənc kimi aparması elə gülünc olardı. Ancaq həm də onu unutmaq olmaz ki, insan adətən bir xarakter üzrə doğulur və sona qədər də o xarakterə uyğun yaşayır. Həyat sadəcə olaraq bu ana xarakter üzərində bəzi cilalama işləri və redaktələr edir. Əsas odur ki, necə olursan ol, özün ol. Həyatını rola girərək yaşama. Mövlana demiş, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Bu qədər sadə və bəsit.

– Fikir vermişəm, siz “inşallah” sözünü təkcə böyük hərflərlə yazmır, həm də böyük hərflərlə səsləndirirsiniz... Nədən irəli gəlir bu?

– Mən imanlı insanam və əlhəmdulillah ki, müsəlmanam. Yəni mənim yaşam tərzimdə və siyasi fəaliyyətimdə bu amilin böyük rolu, önəmi var. Mən bütün bu kainatın, insanlığın, təbiətin və ümumiyyətlə, varlığın təsadüfdən yarandığını düşünmürəm. Çalışıram ki, yaşamımı islami dəyərlər çərçivəsində qurum və yaşayım. Buna qədər nail olub-olmadığıma isə Allah qərar verəcək. İçində Allah qorxusu, Allah sevgisi olan biri və bu dünyada etdiyi hər bir əmələ görə hesab verəcəyi düşüncəsində olan biri pis insan ola bilməz. Hər şey bəlli nizam üzrə yaradılıb və bu nizam üzrə də davam edirsə, o zaman, bizim bu yaşamda nizamsız və başıpozuq şəkildə yaşamamız doğru deyil.

– Namaz qılırsınız?

– Bəli, namazlarımı qılıram və hər il orucumu da tuturam.

– Niyə cəmiyyətin aktiv hissəsində dindar siyasətçilərə mənfi bir münasibət var?

– Bilirsiniz, bu məsələdə cəmiyyət yox, əsasən siyasi sektor məncə önyarqılı davranır. Yəni hər kəs beynində bir mənfi obraz formalaşdırır və digərlərinə də bu obraz kontekstində baxır. Həmçinin dünya mətbuatının bizlərə və cəmiyyətə sırıdığı mənfi siyasi islam obrazı da var. Bu məsələdə əsasən İran, Səudiyyə Ərəbistanı, Əfqanıstan və digərləri nümunə göstərilir. Odur ki insanları da çox qınamaq olmaz. Biz bu məsələdə digər dövlətləri nümunə götürməyin tərəfdarıyıq, buna misal kimi qardaş Türkiyəni, Malaziya, İndoneziya və s. kimi dövlətləri göstərmək olar. Yəni müasir ictimai fikirdə və beynəlxalq aləmdə məsələnin mahiyyətindən çox onun təqdimatından hər şey asılı olur. Bizim partiya funksionerlərinin bu günə qədərki siyasi fəaliyyətinə baxsanız, görərsiniz ki, cəmiyyətin qorxularının əsası yoxdur. Mən əminəm ki, bizlərin sayəsində bu yanlış təsəvvür aradan qalxacaq. Biz insanların milli, dini, siyasi kimliklərinə görə təsniflənməsinin əleyhinəyik və öz fəaliyyətimizdə də bu prinsipə sadiq qalırıq.


Müəllif: Kəramət Böyükçöl