22 Yanvar 2018 14:00
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidenti İlham Əliyevin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il üçün İş planı təsdiq edilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, İş planında Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi ilə yanaşı, nazirliyin fəaliyyət sahələri üzrə yeni elektron xidmətlərin hazırlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilməsi nəzərdə tutulur.

İş planında həmin portalın imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi, Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi, nazirlikdə İctimai şuranın fəaliyyətinin təşkili və gücləndirilməsi kimi tədbirlər də yer alıb.

Planda “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın həyata keçirilməsi, Açıq Hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi, nəticələrinin elan edilməsi kimi tədbirlər də qeyd olunub.


Müəllif: İlhamə Əbülfət