23 Yanvar 2018 15:07
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada zibil qabları Azərbaycan bayrağının rəngləri ilə boyanıb. Bu barədə məlumatı sosial şəbəkədə Moskvada yaşayan soydaşımız Pərviz Səfərov paylaşıb. Onun sözlərinə görə, “Mega” Ticarət Mərkəzində zibil qabları müxtəlif rənglərlə boyanıb, bəzi qutuların üzərindəki rənglər və onların ardıcıllığı Azərbaycan bayrağı ilə eynidir.

Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı isə ticarət mərkəzinin rəng seçiminin təsadüfi olmadığına işarədir.

Bu məsələnin milli atributlarımıza birbaşa təhqir olduğu isə inkaredilməz faktdır.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov Publika.az-a açıqlamasında bu məsələdə erməni izinin olduğunu düşündüyünü deyib:.

“Rusiyada çoxlu xalqlar yaşayır və onların içərisində ermənilər də üstünlük təşkil edir. Ermənilər yaşadığı hər bir ölkədə Azərbaycana qarşı sayğısızlıqda maraqlı olurlar. Onlar həmin ölkələrlə Azərbaycanın siyasi münasibətlərini korlamağa çalışırlar. Sözsüz ki, bu faktda da erməni izi var. Hesab edirəm ki, bu məsələ Rusiyanın dövlət dairələrinə aid olmayan məsələdir. Bu halları Rusiyanın Azərbaycana və onun atributlarına qarşı hörmətsizliyi kimi dəyərləndirməməliyik. Kiçik bir araşdırma aparmaqla bu məsəldə erməni izinin olduğu təsdiqlənəcək”.

A.Hüseynov onu da vurğulayıb ki, Rusiya dövlət orqanları, ən azı əraziyə nəzarət edən hər hansı quruma öz münasibətini bildirməlidir:

“İnkaredilməz faktdır ki, bu halın qarşısı alınsa da, ermənilər başqa yollara əl atacaq. Çünki onlar Azərbaycanla digər dövlətlər arasında münasibətlərdə soyuqluq yaranmasında maraqlıdır. Fikrimcə, bu məsələləri çox da böyüdüb, iki ölkə arasında problem səviyyəsinə qaldırmamalıyıq. Əgər bu problem Rusiya dövlət dairələri tərəfindən yol verilən nöqsan olsaydı, Azərbaycanın Xarici İşlər Nazirliyi və ya həmin ölkədəki səfirliyi rəsmi reaksiya verərdi. Lakin bu hər hansı bir erməni xislətinin nəticəsi kimi ortaya çıxdığından ictimaiyyət nümayəndələrinin reaksiyası kifayət edir. Rusiyada prezident seçkiləri ilidir, bu ölkədə yaşayan azərbaycanlılar prosesdə aktiv iştirak edir. Bu məqamda belə məsələnin süni şəkildə şişirdilməsinə və ona siyasi don geyindirilməsinə ehtiyac yoxdur”.

Millət vəkili Araz Əlizadə isə hesab edir ki, bu hal təkcə artibutların təhqir edilməsi deyil, eyni zamanda cinayətdir:

“Milli atributlarımıza hörmətsiz yanaşanlara qarşı kəskin reaksiya verməliyik. Bizim dövlət orqanları bu işlə məşğul olmalıdır. Bu hadisə Azərbaycanda baş veribsə, yerli dövlət orqanları, Rusiyada baş veribsə, həmin ölkədəki səfirliyimiz reaksiya verməlidir”.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov hesab edir ki, bu diaspora nümayəndələrinin reaksiya verməli olduğu məsələdir:

“Bu siyasi məsələ deyil ki, millət vəkili və ya siyasətçi kimi reaksiya verim. Diaspora nümayəndələrindən kim görüb bunu onlarla maraqlanmaq lazımdır. Mənlik deyil”.


Müəllif: Teleqraf.com