23 Yanvar 2018 16:52
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika üzrə qədim sürüşmə ərazilərinin hamısında vaxtaşırı monitorinq və müşahidələr aparılır.

Bu sözləri Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Bakıda teleqüllə ərazisində də mayaklar qurulub: “Hər gün çatlar və aktivlik müşahidə edilir. Gündəlik olaraq dəyişikliyə baxılır, müəyyən məqamlar araşdırılır. Orada bizdən başqa təşkilatlar da araşdırma aparır.

Bayıl qədim sürüşmə ərazisidir. Oradakı sürümə haqda ilk bilgi 1840-cı illərdən bizə məlumdur. O vaxtdan da bu günə kimi ərazinin müxtəlif yerlərində sürüşmələr baş verir. Sonuncu dəfə 2000-ci il martın 7-də “Əbədi məşəl”in önündə batma prosesi baş verdi, böyük bir blok 35 metr oturdu. Yəni o ərazi sürüşməyə meyilli yerdir.

Həmin ərazidə torpağı yükləmək, yamacı kəsmək olmaz. Hesabatlarda da təhlükəli əraziləri konturlamışıq. Orda tikinti aparmaq qəti qadağan edilməlidir”.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində monitorinqlərə başlayıb.

Sürüşmə sahəsində Mərkəzin seysmoloji və geofiziki cihazları quraşdırılıb.


Müəllif: Şəfiqə Nazimqızı