23 Yanvar 2018 18:32
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzeti 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Teleqraf.com xəbər verir ki, "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirilən müsabiqəyə yazıların qəbulu 08 dekabr 2017-ci il tarixində başlayır, 8 fevral 2018-ci il tarixində başa çatır.

Elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində - qəzet, jurnal və informasiya agentliklərində fasiləsiz çalışan xanım jurnalistlər müsabiqəyə yazı verə bilərlər.

Müsabiqənin şərtlərinə görə, hər xanım jurnalistin Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında (9-11 min işarə) həcmində dərc olunan yalnız bir yazısı qəbul olunacaq. Yazının sonunda "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.

Mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi yazıların dəyərləndirilməsində meyar kimi götürülür. Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir.

Müsabiqənin qaliblərinə – I, II, III yerin sahiblərinə qiymətli hədiyyələr və pul mükafatı nəzərdə tutulub.


Müəllif: Teleqraf.com