26 Aprel 2014 18:10
2 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riyaziyyat təmayüllü liseydə ən aşağı nəticə riyaziyyatdan, kimya-biologiya liseyində isə kimyadandır.

Təhsil Nazirliyinin rəsmi saytı gimnaziya və liseylərin fəaliyyəti ilə bağlı araşdırma materialı yayıb. Materialda istedadlı uşaqlara profil üzrə təhsil verən bu məktəblərin fəaliyyətinin qeyri-qənaətbəxş olmasından söz açılır.

Son 5 ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul kampaniyalarının və beynəlxalq fənn olimpiadalarının nəticələri ilə bağlı açıqlanmış rəsmi statistik təhlillər əsasında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan iki lisey (fizika, riyaziyyat və informatika, kimya-biologiya) və bir gimnaziya (xarici dillər) üzrə araşdırma aparılıb.

Ən pis nəticə...

Məlum olub ki, fizika, riyaziyyat, informatika təmayüllü liseydə vəziyyət xüsusilə acınacaqlıdır:

“TQDK-nın ali məktəblərə qəbul imtahanlarının nəticələri üzrə apardığı və bu qurumun internet saytında da yerləşdirilmiş statistik təhlilə əsasən demək olar ki, son 5 ildə liseyin məzunları fizika və riyaziyyatdan yüksək nəticələr göstərməyiblər. Əksinə, onların digər fənlərdən, xüsusən də coğrafiya və ingilis dilindən nəticələri daha yüksək olub.

2013-cü ilin qəbul kampaniyasını isə məzunlarının qəbul imtahanlarında əldə etdikləri nəticələrə görə bu liseyin tarixində, bəlkə də, ən uğursuz il hesab etmək olar. Belə ki, ötən ilki qəbul imtahanlarında liseyin məzunlarının ən pis nəticələri riyaziyyat fənni üzrə qeydə alınıb (45,55%). Fizika üzrə göstərici də son 5 ilin ən aşağı göstəricilərindən olub (47,75%).

Məzunların ən yüksək nəticələri isə yenə də qeyri-ixtisas fənni olan ingilis dili fənnindən olub. Bu göstəriciləri nəzərə alsaq, lisey fizika-riyaziyyatdan daha çox coğrafiya, ingilis dili təmayüllü lisey təsiri bağışlayır".

Təhsil Nazirliyinin tabeliyindəki kimya və biologiya təmayüllü liseyin analoji göstəricilərində nəticələr isə bir qədər fərqli olub. 5 illik müddətin təhlili müşahidə edilərkən məlum olub ki, 2011-2013-cü illərdə liseyin məzunlarının biologiya fənni üzrə nəticələri qənaətbəxş olsa da, kimya fənnindən olduqca aşağı nəticələr göstəriblər: “2009 və 2010-cu illərdə isə lisey məzunlarının ən yaxşı nəticələri coğrafiya və ana dili fənlərindən olub. Lakin burada da düşündürücü məqam var. Axı, bu lisey, adından göründüyü kimi, həm də kimya təmayüllüdür. Liseyin son 5 ildəki nəticələrinə nəzər salsaq görərik ki, məzunlar kimya fənnindən, konkret desək, heç bir nailiyyət əldə edə bilməyiblər. Ötən il isə liseyin məzunları kimya fənni üzrə 50,79 faiz nəticə göstəriblər. Hətta bu nəticə müəssisənin profilindən uzaq olan bir fəndən - ana dilindən (51,42 faiz) də aşağı olub”.

Xarici dillər təmayüllü gimnaziyada da nəticə ürəkaçan deyil

Nazirliyinin tabeliyindəki xarici dillər təmayüllü gimnaziyanın müvafiq göstəriciləri də məyusedicidir. Gimnaziyanın məzunları son 5 ildə qəbul imtahanlarında profil fənni üzrə yalnız bir dəfə ən yaxşı nəticə göstəriblər: 2012-ci ildə orta statistik məzun ingilis dili fənni üzrə test tapşırığının 61,83%-nə düzgün cavab verib.

Qalan illərdə isə məzunlar ən yaxşı nəticələri iki dəfə ana dilindən və hərəsi bir dəfə olmaqla tarix və coğrafiya fənlərindən göstəriblər.

Fənn olimpiadalarının nəticələri isə daha bərbaddır

Beynəlxalq olimpiadaların nəticələrinin təhlili isə daha acınacaqlı olub. Son 5 ildə hər üç təhsil müəssisəsinin fənn olimpiadalarında bir nəfər də qalibi yoxdur. “Əgər ölkənin təhsil infrastrukturunun paytaxtla müqayisədə aşağı olduğu Lənkəran, Quba, Şəki kimi bölgələrindəki məktəblərdən son 5 ildə beynəlxalq olimpiadaların 20-yə yaxın qalibi olursa, ölkənin mərkəzində, hər cür maddi-texniki avadanlıqlarla təchiz olunmuş təmayüllü məktəblərin bu istiqamətdə fəaliyyətsizliyini nə ilə izah etmək olar?” deyə araşdırma müəllifi yazıb.

Qeyd edək ki, təmayüllü məktəblər xüsusi istedad və qabiliyyətə malik uşaqların biliyini daha da inkişaf etdirmək üçün seçilmiş istiqamətlər üzrə biliklər vermək məqsədini daşıyır. Əslində, şagirdlər bu məktəblərə xüsusi seçim prosedurları vasitəsi ilə qəbul olunur.

Yüksək maddi-texniki bazaya malik olan bu məktəblərdə təmayül fənlərinin tədrisinə çox saat ayrılır, dərinləşdirilmiş proqramlar üzrə tədris aparılır. Belə məktəblərə yüksək hazırlıqlı və ixtisaslı müəllimlər cəlb olunur.

Müəllimlərin səviyyəsi araşdırılmalıdır

Təhsil Tədqiqatlar Mərkəzinin rəhbəri Əlövsət Sadıqlı ümumtəhsil sistemində uşaqların 5-ci sinifdən başlayaraq təmayülünün müəyyənləşməsi və müxtəlif profillər üzrə istiqamətlənməsi mövzusu aktual olduğu bir vaxtda təmayüllü məktəblərin belə dəhşətli nəticələr göstərməsindən təəssüf hissi keçirdiyini bildirdi. Onun fikrincə, belə vəziyyətin yaranması üçün ciddi araşdırmalar aparılmasına ehtiyac var: “Bunun səbəbləri dəqiq öyrənilməlidir. Təmayüllü məktəblərdə müəllimlərin özlərinin bilik səviyyəsi araşdırılmalıdır”.

Ekspert hesab edir ki, təmayüllü lisey və gimnaziyaların fəaliyyətinin dayanması yox, bu məktəblərdə ciddi islahatların aparılması məqsədəuyğundur: “Bu məktəblərdə təhsilin keyfiyyətini yüksəltmək üçün əsaslı islahatlar aparılmalıdır”.

Sevil HİLALQIZI


Müəllif: