12 Fevral 23:57

Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları və dərin tarixi-mədəni kökləri mövcuddur. Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Ökədə rəsmi olaraq 28-i qeyri-islam təmayüllü olmaqla 793 dini qurum qeydiyyatdan keçib. Azərbaycanda 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərir. Mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edilir, dini icmalara maliyyə yardımları ayrılır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Komitə sədri deyib ki, Prezident İlham Əliyev tərəfindən ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Dövlət Komitəsinin sədri xalqımızın ermənilərlə etnik-dini baxımdan heç bir probleminin olmadığını bildirib. Bu münaqişəyə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsinin qorunub-saxlanıldığını deyib. Dövlət Komitəsinin sədri bu tolerantlığın müqabilində Ermənistan tərəfinin işğal altındakı torpaqlarımızda mədəniyyət abidələrimizi, o cümlədən məscidlərimizi dağıtdıqlarını təəssüflə qeyd edib.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan bəhs edən Komitə sədri Roma Papası II Pavelin, Papa Fransiskin Azərbaycana səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırıb. İkitərəfli əlaqələrimizin Azərbaycandakı katolik icmasına münasibətdə də özünü göstərdiyini bildirib. Mübariz Qurbanlı Dövlət Komitəsinin Azərbaycandakı katolik icması ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Ölkəmizə ilk dəfədir səfər etdiyini bildirən Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager cənab Prezidentimiz tərəfindən qəbul edilməsindən məmnunluğunu ifadə edib, bir sıra mühüm görüşlər keçirdiyini bildirib. Müqəddəs Taxt-Tacın Azərbaycanın nümunəvi tolerantlıq mühiti barəsində məlumatlı olduğunu diqqətə çatdırıb. Bu səfər zamanı bu modelin əyani şahidi olduğunu deyib. Qonaq son 20 ildə dövlətimizin katolik icmasına göstərdiyi qayğını, insanların mənəvi ehtiyaclarının ödənilməsinə yaradılan şəraiti yüksək qiymətləndirib. Azərbaycandakı katolik icmasının başçısı Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin katolik icmasının inkişafına göstərilən qayğıdan və qarşılıqlı əməkdaşlığa verilən dəyərdən irəli gəldiyini vurğulayıb. Humanitar sahədə əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rolunun olduğunu bildirib.

Görüşdə ikitərəfli münasibətlərin qorunub-saxlanılmasının və inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.


Müəllif: Cavad