14 Fevral 2018 16:05
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafina dəstək" layihəsi çərçivəsində "Gömrük sərhəd buraxılış məntəqələrində baytarlıq, fitosanitar və sanitariya nəzarəti qaydaları" üzrə milli seminar öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, seminarın açılışında çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi zamanı fitosanitar, sanitar və baytarlıq nəzarəti istiqamətində son illərdə görülən işlərdən bəhs edib.

O bildirib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı nəzərəçarpacaq dərəcədə artıb. Bu sahənin inkişafına və xüsusilə ölkəmizin ixrac potensialının artırılmasına gömrük orqanlarının da öz töhfəsini verdiyini diqqətə çatdıran Cavad Qasımov gömrük rəsmiləşdirilməsi proseslərinin asanlaşdırılması və sadələşdirilməsi, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atıldığını bildirib.

BMTİP-nın Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini, dünyadakı mühüm nəqliyyat dəhlizlərinin Azərbaycandan keçdiyini, bunun da öz növbəsində iqtisadi və digər sahələrdə təhlükəsizlik məsələlərinə daha diqqətli yanaşma tələb etdiyini bildirib. Azərbaycan Respublikası sərhədlərinin mühafizəsinin mükəmməl şəkildə təşkil olunduğunu bildirən Məzahir Əfəndiyev DGK-nın da ölkəmizin iqtisadi təhlükəsizliyini yüksək səviyyədə təmin olunması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Təmsil etdiyi qurumla DGK arasında qarşılıqlı səmərəli əlaqələrin qurulduğunu bildirən Məzahir Əfəndiyev əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Kənd Təsərrüfati Nazirliyi (KTN) yaninda Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşı Xəyalə Dadaşova kənd təsərrüfatının inkişafına paralel olaraq ölkəmizin ixrac potensialının artdığını, ixracin stimullaşdırılması və davamlılığının təmin edilməsi üçün fitosanitar, sanitar və baytarlıq nəzarəti tədbirlərinin qüsursuz həyata keçirilməsinin vacibliyini vurğulayıb. Gömrük xidməti əməkdaşlarının bu sahədəki fəaliyyətinin təqdirəlayiq olduğunu bildirən Xəyalə Dadaşova qarşılıqlı əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin artırılmasının ümumi işə faydasından bəhs edib.

Qeyd edək ki, 2 gün davam edəcək seminar çərçivəsində KTN, DGK və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən iştirakçılara "Dövlət sərhədinin buraxılış məntəqələrində fitosanitar nəzarətinin təşkili", "Məhsul (mal) qrupları üzrə fitosanitar baxış qaydaları və rast gəlinən səciyyəvi zərərli orqanizmlər", "Beynəlxalq ticarətdə ağacdan qablaşma mallarına nəzarət, kəsilmiş və dibçəkli güllərin karantin baxışı", "Tinglərin karantin baxışı, kartofa karantin baxışının keçirilməsi", "Yoluxucu xəstəliklərin qarşısının alınması metodları, təhlükəli xəstəliklərin siyahısı" və digər mövzularda məlumatlar veriləcək.

Semianar çərçivəsində iştirakçılar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi" layihəsi çərçivəsində DGK-ya təqdim etdiyi müfəttiş dəstləri və onlardan istifadə qaydaları barədə də məlumatlandırılacaqlar.


Müəllif: İlhamə Əbülfət