20 Fevral 2018 20:57
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu, professor Nazim Hüseynovla müsahibəni təqdim edir.

- Professor, son zamanlar burun çəpəri əyriliyi diaqnozu barədə tez-tez eşidirik. Burun çəpəri əyriliyi nədir və onun hansı ziyanıları var?

- Burun çəpəri sümük və qığırdaq hissələrdən ibarətdir. Uşağın boyatma və böyüməsi zamanı onun sümüklərinin inkişafı qığırdaq toxumasının inkişafından daha sürətli gedərsə, burun çəpəri düzgün formalaşmır. Bu, burun əyriliklərinin ən çox təsadüf edilən səbəblərindəndir.

Digər səbəb müxtəlif travmalardır. Bəzən burun çəpərinin əyriliyi uşaqda doğuş travması nəticəsində yaranır. Bundan əlavə, uşaq yıxıldıqda və ya hər hansı zərbə aldıqda bu patologiya yarana bilər.

- Çəpər əyriliyi son illər daha çox müraciət olunan əməliyyatlardandır. Buna səbəb nədir?

- Çəpər əyriliyi həmişə olub, indi də var. Sadəcə, əvvəllər insanlar ona fikir vermirdilər. İndi insanlar özlərinə daha çox diqqət yetirirlər. Dişlərinə breket qoyur, düzəltdirir, eşitmə problemlərini həll edirlər. Halbuki burun çəpəri əyriliyi travmaları əvvəlkilərdən azalıb.

Əksəriyyətimiz kənddə böyümüşük. O vaxt uşaqlar hər gün dalaşır, biri-birini döyürdü. İndikilər daha sakitdir… Qucaqlaşıb, biri-birlərilə mehriban davranırlar.

Bizim vaxtlarımızda savaşanda burnumuzu o qədər vurub qanadıblar ki… Bu nöqteyi-nəzərdən götürsək, demək olmaz ki, son illər burun əyriliyinin sayı artıb. Say atrımı bəzi xəstəliklərdə var. Məsələn, eşitmə zəiflikləri artıb. Ona görə ki, səs-küy boldur, telefondan istifadə çoxalıb… Yəni çəpər əyriliyindən əməliyyatlara müraciətlər insanların özlərinə diqqətli yanaşmasından irəli gəlir. Adam pis nəfəs alırsa, burun tıxanıqlığı varsa, dərhal həkimə gedir.

Bu problem də, yuxarıda vurğuladığım kimi, iki məsələdən qaynaqlanır. Biri var travmatik, bir də var inkişaf dövründən qalma problem. İkinci hal uşaqlarda daha az rast gəlinir. Əsasən 20-25 yaşdan yuxarı insanlarda olur.

Burun ömrün axırına kimi inkişaf etdiyi üçün, ola bilər, insan əvvəllər yaxşı nəfəs alsın, heç bir travma almadığı halda, 40-50 yaşında nəfəs almada çətinləşmə olsun. Bu onu göstərir ki, hansısa yaşdan sonra burunda inkişaf düzgün getmir. Müəyyən dövr narahatlıq yaratmır, amma bir vaxtdan sonra tıxanmalar baş verir. Orqanizm hər şeyi kompensasiya etdiyi üçün kompensatior funksiyalar özünü yerinə yetirə bilməyəndə keçir dekompensasiyaya. Bu halda da əməliyyat aparmaq lazım gəlir.

- Bu əməliyyatı hansı yaşda aparmaq olar?

- Əməliyyatları daha çox 16 yaşdan sonra aparırıq. Amma bu o demək deyil ki, ancaq həmin yaşda əməliyyat olunmalıdır. Lap 6 yaşlı uşağı da əməliyyat etmək olur. Əgər burun zədələnibsə, adam nəfəs ala bilmirsə, üz-çənə konfiqurasiyası dəyişməsin deyə hökmən əməliyyat aparmaq lazımdır.

- Hansı hallarda əməliyyatı ləngitmək qəti yolverilməzdir?

- Nəfəs alma 70-80 faiz çətinləşibsə, əməliyyat vacibdir. Amma elə hallar var ki, burun çəpəri əyriliyi digər orqanlara da fəsad verir. Ağız açıq qalır, farengit və yuxarı tənəffüs yollarına soyuq olur. Yaxud əyri olan tərəfdə qulaq pərdəsi zədələnə bilər, eşitmə zəifliyi mümkündür. Bunlar biri-biri ilə əlaqəli xəstəliklərdir.

- Bəzi insanlar “uşağın burnunda, boğazında ət vardı, kəsdirdik” deyirlər. Bunların fərqi nədir?

- Bunlar başqa-başqa şeylərdir. Boğazda ət hamıda var. Burunda ət varsa, ona adenoid deyirlər. Ümumiyyətlə, ət bir burunun içərisində, bir də burun-udlaqda var. Uşaqlarda ən çox burun əti dedikləri adenoiddir və burun-udlaqdadır. Onun da yaşdan asılı olmayaraq götürülməsi məsləhətdir. Burun tənəffüsünü o da pozur.

Uşaqlarla böyüklərdə fərq var. Böyüklərdə ən çox burun tənəffüsü çətinliyi əyrilikdən, polipdən, balıqqulağı xəstəliyidən yaranır. Uşaqlarda isə ən çox adenoid olur.

Boğaz əti dediyimiz isə xroniki tanzillitdir - damaq badamcıqlarının xroniki iltihabıdır. Həmin vaxt boğazın artıq əti kəsilib götürülür. Bu əməliyyat 6 yaşdan yuxarı aparılır.

- Çəpər əyriliyi əməliyyatı estetik yox, tibbi əməliyyat sayılır, eləmi?

- Estetik əməliyyatların aparılması olduqca mürəkkəbdir. Çəpər əməliyyatı isə başqa bir şeydir. Ona burun çəpərinin septoplastika əməliyyatı deyirlər. Son 10-20 il müddətində əməliyyata baxış tamam dəyişib.

Rinoplastik əməliyyat burnun xarici görkəminin dəyişilməsidir. Burda iki yanaşma var. Biri var artistdir, burnunun foprması xoşuna gəlmir, əməliyyat etdirir. Amma bu əməliyyat üçün də tibbi göstəriş olmalıdır. Göstəriş ondan ibarətdir ki, əməliyyat zamanı burun klapanlar sisteminin yeri necə dəyişəcək... Yoxsa “mən gəlmişəm ki, burnum rəfiqəmin burnu kimi olsun” sifarişi ola bilməz və olmamalıdır. Həqiqətən burunda əyrilik, donqarlıq, əzik varsa, əməliyyata icazə verilə bilər.

- Burun çəpəri əyriliyi ilə bağlı kişilər, yoxsa qadınlar daha çox müraciət edir?

- Xüsusi fərq yoxdur... Amma travmatik çəpər əyriliyindən kişilər daha çox müraciət edir. Rinoplastika ilə bağlı isə xanımlar üstünlük təşkil edir. Özlərində kompleks yaradıblar. Kompleks çox şeydən yarana bilər. Bu komplekslərsə normal insan üçün deyil. Dünya praktikasında bu cür əməliyyatlar zamanı xəstə ilə psixo-nevroloji söhbət aparılmalıdır ki, şəxs bilsin əməliyyatdan sonra onu nələr gözləyə bilər. Bəzən olur ki, çox uğurlu bir əməliyyatı xəstə özü bəyənmir. Ona görə də estetik əməliyyat zamanı əvvəldən danışıq aparılmalıdır.

- Çəpər əyriliyinin yenidən yaranma ehtimalı varmı?

- Yox. Uşaq yaşda əməliyyat aparanda elə edirik ki, müvəqqəti tənəffüs olsun. Böyüdükdən sonra tam aradan qaldırılsın. Bu barədə əvvəlcədən valideynə xəbərdarlıq olunur. Burun çəpəri əməliyyatı olundusa, 16-17 yaşda elə etməlisən ki, daha bir də elə problem yaşanmasın.

- Əməliyyatın yaş məhdudiyyəti varmı?

- Yaşın da heç bir rolu yoxdur. Sadəcə, qoruyucu rolunu saxlamaq lazımdır. Ola bilər, 6 yaşda uşaq gəlsin ki, nəfəs ala bilmir və əməliyyat edilir. Başqa biri, 20 yaşlı gənc gələrsə, əməliyyatı müəyyən müddət təxirə salmaq olar.


Müəllif: Şəfiqə Nazimqızı