22 Fevral 2018 10:45
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt hadisələrində təqsirkarların azərbaycanlılar olması fərziyyələri istintaqın siyasi sifarişə xidmət etməsinə səbəb olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə deyib.

E.Sultanov qeyd edib ki, erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilmiş cinayətlər Ermənistanın uzun illər Azərbaycana, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə, ərazi iddiaları, terror və soyqırım siyasətinin tərkib hissəsidir: “Ötən illər ərzində erməni separatçıları öz işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir, öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atırlar. Sumqayıt şəhərində törədilmiş iğtişaşlarla əlaqədar 28 fevral 1988-ci il tarixdə Sumqayıt şəhər prokurorluğu tərəfindən cinayət işi başlansa da, 1 mart 1988-ci il tarixdə həmin cinayət işi SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən icraata qəbul edilərək istintaqı aparılıb. İstintaq-əməliyyat qrupu SSRİ-nin ermənipərəst rəhbərliyinin göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi fərziyyəsi üzərində dayanıb və bu istiqamətdə istintaq aparıb”.

E.Sultanov bildirib ki, hadisələrdən dərhal sonra Ermənistanda, sovet mətbuatında və beynəlxalq səviyyədə Azərbaycana qarşı informasiya kampaniyasına start verildi: “Sumqayıt şəhərində təşkil olunmuş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə obyektiv hüquqi qiymət verilməyib, onların əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilib məsuliyyətə cəlb olunmayıblar. Məhz qeyd etdiklərim Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaradıb".

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hadisələrə obyektiv hüquqi qiymət verilməsi, bu cinayətin əsl mahiyyətini açmaq, Azərbaycanın qəti siyasi iradəsinin ifadəsi olaraq Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq iğtişaşlarla əlaqədar istintaqı dayandırılmış 5 cinayət işinin icraatı Azərbaycan Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilib və istintaqın davam etdirilməsi Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və həmin dövrdə fəaliyyət göstərmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilib:

"İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədilə Azərbaycanın aidiyyəti dövlət qurumlarına, habelə Rusiya Baş Prokurorluğuna və digər xarici ölkələrə müvafiq sorğular göndərilib, Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq-əməliyyat qrupuna daxil olan şəxslərin ifadələri alınıb, arxiv sənədləri açılıb, mətbuatda verilmiş məlumatlar təhlil edilib, digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib".

Onun sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərib ki, bu hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmayıb, hadisələrin əsl mahiyyəti açılmayıb: “Cinayətin bütün iştirakçıları müəyyən edilməyib, bu hadisələrin təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalıb, onların müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmayıb. Doğrudur, hadisələrlə əlaqədar SSRİ Baş Prokurorluğunun ölkənin müxtəlif respublikalarından 231 müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən böyük həcmdə material toplanıb, bir çox şəxslər məsuliyyətə cəlb ediliblər. Lakin hadisələrlə bağlı istintaqın bilavasitə əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkar şəxslərin isə azərbaycanlılar olması barədə irəli sürülmüş fərziyyələr istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub”.

E.Sultanov əlavə edib ki, Sumqayıtdakı iğtişaşlar əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədilib. Hazırkı istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib:

“Dediklərimin əyani sübutu kimi bir məsələni diqqətinizə çatdırım ki, 31 mart 2016-cı il tarixdə Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ Prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və qeyriləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər”.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri deyib ki, hazırda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən qeyd olunan iğtişaşların bütün təşkilatçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

E.Sultanov qeyd edib ki, hazırda cinayət işi üzrə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən iğtişaşların təşkilatçıları və onların havadarlarının ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələri və digər hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində, eləcə də erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilmiş cinayətlərlə əlaqədar Baş Prokurorluğun veb-saytında “Sumqayıt hadisələri” bölməsi fəaliyyətdədir ki, həmin bölməyə daxil olmaqla istintaq materialları, eyni zamanda, erməni vəhşilikərini özündə əks etdirən bir neçə dillərə tərcümə olunmuş filmlərlə tanış olmaq mümkündür./Trend/


Müəllif: Teleqraf.com